Kiyev, 24 mart, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə Ukraynanın Poltava şəhərində baharın müjdəçisi olan Novruz bayramı qeyd edilib.
Poltava İqtisadiyyat və Ticarət Universitetində (PİTU) Azərbaycandan təqribən 300 tələbə təhsil alır. “Azərbaycanın dostları klubu”nun üzvləri əvvəlcə PİTU-nun həyətində Ukrayna və Azərbaycan arasında dostluğun rəmzi olan iki palıd tingi əkiblər. Universitetin rektoru Aleksey Nestulya iclas salonuna toplaşan tələbələrin hamısını bayram münasibətilə təbrik edərək, onlara həyatda və təhsildə nailiyyətlər arzulayıb.
Bakı Slavyan Universitetinin PİTU-da fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin direktoru, dosent Yaşar Alxasov bildirib ki, Azərbaycanda baharın gəlişi rəsmi dövlət bayramı kimi qeyd edilir və Novruz bayramı adlanır. Novruz yenilənmə, yeni ümidlər, təbiətin oyanışı bayramıdır.
Rəsmi hissədən sonra Azərbaycan, Çin, Nigeriya, Pakistan və Ukraynadan olan tələbələr ana dillərində mahnılar ifa ediblər. Ukrayna, Azərbaycan və Çin dillərində Taras Şevçenkonun şeirləri səslənib.
Bayram tədbiri axşam tələbə şəhərciyində ənənəvi Novruz tonqalı ətrafında davam edib.
Tədbir müxtəlif xalqların nümayəndələrinin əsl dostluq və həmrəylik bayramına çevrilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev





