[ 23 Mart 2015 16:54 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən şamil Rzayevin barəsində olan hökmdən dövlət ittihamçısının verdiyi protesti əsasında məhkəmə prosesi başlayıb.

 

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Prosesin baxış iclası martın 29-na təyin edilib.

 

Qeyd edək ki, qətl hadisəsi ötən il may ayında Bakının Türkan qəsəbəsində baş verib. Üzümçülük sovxozunda yaşayan, 1997-ci il təvəllüdlü Şamil Rzayev yaşadığı evdə atası, 1972-ci il təvəllüdlü Qalib Nəsu oğlunun baş nahiyəsinə üç dəfə balta ilə vuraraq qətlə yetirib. Şamil Rzayev Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş. Rzayev 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan prokuror apellyasiya protesti verərək cəzanın ağırlaşdırılmasını istəyib.