Novruz Bayramı münasibəti ilə Yevlax şəhər mərkəzi meydanında ümumşəhər tədbiri keçirilib. Milli.Az El Tv-ə ( Region Tv) istinadən xəbər verir ki, yığıncaqda səməni, süfrəmizin bəzəyi olan milli şirniyyatlar və maraqlı əl işləri sərgilənib. Gənc rəqqaslar, idmançılar, o cümlədən pəhləvanlar və kəndirbaz bacarıqlarını nümayiş etdirib. Milli geyimli atlılar meydana daxil olaraq, Novruz tonqalını alovlandırıblar. İncəsənət nümayəndələri çıxış ediblər.
 
Mingəçevirdə Novruz bayramı münasibəti ilə şəhərin küçə, park və xiyabanları bayramsayağı bəzədilib. Çaparlar qara zurnanın sədaları altında məhəllələri gəzərək baharın gəlişini müjdələyiblər. Səməni və Novruz xonçalarının müsabiqəsi təşkil olunub. Qız-gəlinlər kətə, yuxa, paxlava, qutab bişirib, nehrə çalxalayıb, cəhrə əyirib, yun darayıblar. Novruz tonqalı qalanıb. Aşıqların xoş avazı, milli oyunlarımız, rəqs və folklor qruplarının, musiqi və teatr kollektivlərinin, idmançıların çıxışları xoş anlar yaşadıb. Bayram şənliyi el gəzintisi və konsert proqramı ilə davam edib.
 
Ağdaş rayonunda da Novruz bayramı qeyd edilib. Heydər Əliyev meydanında keçirilən bayram şənliyində müxtəlif yeməklər bişirilib, oyunlar nümayiş olunub, tonqal qalanıb. Pəhləvanlar, kəndirbazlar və azyaşlı idmançılar bacarıqlarını nümayiş etdiriblər. Idmanın 12 növü üzrə çıxışlar olub. Gənclər arasında üç min metr məsafəyə marafon yarışı təşkil edilib. Tədbirin sonunda konsert olub.
 
Xalqımızın əziz bayramı olan Novruz Göyçayda ümumrayon el şənliyi kimi qeyd olunub. Heydər Əliyev parkında minlərlə rayon sakininin iştirakı ilə keçirilən tədbirdə təbriklər səsləndirilib. Rayondakı istehsal müəssisələri öz məhsullarını nümayiş etdiriblər. Idarə və təşkilatlar, kənd icra nümayəndəlikləri və bələdiyyələrin təşkilatçılığı ilə rəngarəng Novruz süfrələri açılıb. Gənc idmançıların çıxışları maraqla qarşılanıb. Meydana milli paltarda daxil olan uşaqlar məharətlərini nümayiş etdiriblər. Bədii özfəaliyyət kollektivləri rəngarəng konsert proqramı ilə çıxış edib. Dədə Qorqudun müşayəti ilə Novruz tonqalı alovlandırılıb. Bahar qızın çıxışları, Kosa və Keçəlin duzlu və məzəli zarafatları tədbir iştirakçılarında xoş ovqat yaradıb. Tədbir musiqi proqramı ilə davam etdirilib. 
 
Bahar bayramı Ağcabədi rayonunda da qeyd olunub. Rayon mərkəzi stadionunda keçirilən tədbirdə sərgi nümayiş etdirilib. Yuxa yayanlar, qovurqa qovuranlar, qədim “Çövkan” oyunu yerli sakinlər tərəfindən maraqla qarşılanıb. Dədə Qorqud və Bahar qızının mərasimə gəlişi gurultulu alqışlarla qarşılanıb. Bayram tədbirində yerli incəsənət nümayəndələri konsert proqramı ilə çıxış ediblər.
 
Şirvan şəhərində də Novruz bayramı münasibəti ilə tədbirlər düzənlənib. Mərkəzi meydanda nümayiş olunan Novruz atributları maraqla qarşılanıb. Rəngarəng musiqi nömrələri, bir- birindən maraqlı səhnəciklər, milli geyimli qızların rəqsləri xoş duyğular yaradıb. İdmançların çıxışları, pəhləvanların öz məharətlərini göstərmələri də alqışlarla qarşılanıb. Sonra tonqallar yandırılıb. Kosa və Keçəlin hərəkətləri bayram sevincini daha da artırıb.Bayram tədbiri konsert proqramı ilə davam edib. Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyi tərəfindən Novruz Bayramı münasibəti ilə Böyük Vətən Müharibəsi veteranları, əlillər, şəhid, məcbri köçkün və Qarabağ müharibəsi iştirakçılarının ailələri, eləcə də digər aztəminatlı ailələridən olan 260 nəfərə bayram sovqatları verilib.
 
Baharın gəlişi Sabirabad rayonunda da qeyd olunur. Bununla bağlı tədbirin düzənləndiyi meydan səməni və digər Novruz atributları ilə bəzədilib.Qədim məişət əşyaları sərgilənib. Nehrə çalxalanıb, sac üzərində yuxa, eləcə də digər yeməklər bişirilib. Çaparların müşayiəti ilə Bahar qızı meydana daxil olub. Kəndirbazlar maraqlı çıxışlar ediblər. Pəhləvanlar öz məharətlərini göstəriblər. Gənc idmançıların çıxışları da yaddaqalan olub.Tonqallar qalanıb. Kosa və Keçəlin duzlu- məzəli söhbətləri, onların yumurta döyüşdürmələri əsl bahar sevinci yaşadıb. Konsert proqramı olub.

Milli.Az