Həmin mərkəzlərin tapşırıqları ilə hərəkət edən daxili qüvvələr də proseslərdə yer alır
Bakıda keçiriləcək I Avropa Oyunlarına sayılı günlər qalmış Azərbaycana qarşı olan qüvvələr yenidən fəallaşıblar. Hücumlar 2012-ci ildə Azərbaycanda keçirilmiş “Avroviziya” mahnı müsabiqəsi ərəfəsində hazırlanmış ssenarilər əsasında təşkil edilir. Ölkədə insan hüquqlarının pozulmasından tutmuş, heyvan haqlarının müdafiəsi kimi müxtəlif ittihamlarla Azərbaycanın fəaliyyətinə kölgə salmağa və qitə əhəmiyyətli yarışı boykot etməyə çalışılır. Azərbaycana qarşı çevrilmiş həmin qüvvələr eyni mərkəzlərdən idarə olunur. Bunu onların mediada qabartmağa çalışdığı eyni mövzulardan da görmək mümkündür. Xüsusilə bu işdə ABŞ, Fransa və Avropanın bir sıra ölkələrində fəaliyyət göstərən QHT və siyasi dairələri aktivlik nümayiş etdirirlər. Həmin mərkəzlərin tapşırıqları ilə hərəkət edən daxili qüvvələr də proseslərdə yer alır. Bu qüvvələrin əsas maliyyə mənbəyi erməni diasporu və lobbisidir. Proseslərdə ABŞ QHT-ləri və erməni diasporunun adlarının hallanması bu təbliğat fəaliyyətinin nəyə hesablandığını göstərir. Birmənalı olaraq, bu dairələrin Azərbaycan və bölgədə geosiyasi maraqları mövcuddur. Azərbaycan regionda müstəqil siyasət aparan dövlətdir və coğrafi baxımdan strateji əhəmiyyəti var. Azərbaycanın yürütdüyü müstəqil siyasətinin əleyhinə olan qüvvələrin Avropa Oyunlarından əvvəl dövlətimizə qarşı qərəzlərini anlamaq çətin deyil və əvvəlcədən ehtimal edilirdi. Azərbaycana qarşı olan bütün qüvvələr ermənilərlə birlik nümayiş etdirirdilər. Onlar və ermənilər Azərbaycanla bağlı neqativ halları sadalamağa çalışarkən öz şəxsi fantaziyalarına arxalanırlar. Lakin bu pis niyyətlər baş tutmayacaq. Azərbaycan dövləti həmin qüvvələrə qarşı monolit gücdür.

“Onları erməni diasporu maliyyələşdirir”

BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli hesab edir ki, Avropa Oyunlarının başlaması ərəfəsində Azərbaycana qarşı aktivləşmiş bəzi beynəlxalq təşkilatlar dünyanın ayrı-ayrı güclərinin nəzarətindədir. E.Mirzəbəyli bildirib ki, həmin qüvvələrin Azərbaycan və regionda iqtisadi və geosiyasi maraqları var. BAXCP rəsmisi Azərbaycana qarşı aparılan “qara piar” kampaniyasının arxasında həm də erməni lobbisi və diasporunun olduğunu da deyib: “Erməni diasporu uzun illərdir ki, həmin təşkilatlara öz məqsədləri üçün maliyyə vəsaitləri ayırırlar. Digər tərəfdən bəzi Qərb ölkələrində siyasətçilərin seçki kampaniyalarını maliyyələşdirirlər. İndi də Azərbaycana ləkə yaxmağa çalışan təşkilatların fəaliyyətində erməni diasporu da maraqlı və bu ermənilərlə də əlaqəlidir. Ermənilər bilavasitə bu prosesə təsir göstərməyə çalışırlar. Mütəmadi olaraq, Azərbaycanda beynəlxalq tədbirlər keçiriləndə oxşar ssenarilər işə düşüb. Məqsədləri Azərbaycanın bu tədbirlərdən əldə edəcəyi dividendlərin üzərinə kölgə salmaqdan ibarətdir. Ənənəvi ssenaridir, ənənəvi formada da həyata keçirilir.

“Avroviziya” mahnı müsabiqəsindən əvvəlki dövrlərdən fərqli olaraq, Azərbaycan özünə qarşı yönəlmiş fəaliyyətləri dəf etmək üçün kifayət qədər təcrübə qazanıb. Avropa Oyunlarının Bakıda keçirilməsi təsdiqlənəndə Azərbaycana qarşı növbəti hücumların keçiriləcəyi məlum idi. Azərbaycan da özünü müdafiə etmək üçün dünya və yerli media qurumlarında çox ciddi addımları atdı və proses indi də davam edir. Ona görə də, bu təzyiqlərin iflasa uğrayacağını düşünürəm. Avropa Oyunları yüksək səviyyədə keçiriləcək. Həmin təşkilatlar Avropa Oyunlarından sonra da öz təbliğatlarını davam etdirməyə, tədbirin üzərinə kölgə salmağa çalışacaqlar. Lakin Azərbaycan bunları görür və öz çalışmalarını ardıcıl şəkildə, uğurla davam etdirir”.

“Azərbaycana qarşı şəbəkə yaratmaq istəyirlər”

Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev də Avropa Oyunlarından əvvəl Azərbaycana qarşı qərəzli fikirlərin yayılmasının müxtəlif səbəblərinin olduğunu deyib. O, hesab edir ki, proseslərin içərisində Azərbaycanın radikal müxalifəti də var. E.Musayev qeyd edib ki, radikal müxalifət Azərbaycan hakimiyyətinin gördüyü işləri qara çərçivəyə salır və dünyaya təqdim edir: “Öz təxəyyüllərindən doğan danoslarla çıxış edirlər. Bu dəstənin başında AXCP sədri Əli Kərimli dayanır. Azərbaycanın iqtisadi inkişafı, hakimiyyətinin gördüyü işlər sapı özümüzdən olan baltaları deyil, eyni zamanda xarici dairələri də qıcıqlandırır. Bu səhnəni “Avroviziya” mahnı müsabiqəsindən əvvəl də gördük. Azərbaycanın TANAP kimi nəhəng enerji layihəsinin işə salınması və digər iqtisadi uğurları həmin dairələrdə qıcıq yaratmalıdır. Bütün inkişaf etmiş ölkələrin, güclü siyasi liderlərin düşmənləri var. Sadəcə beynəlxalq aləm tərifdən çox, tənqidi rahat həzm edir.

Azərbaycan dövləti gördüyü işlərlə öz fəaliyyətini qabardır. Lakin Azərbaycanı sevməyən daxili qüvvələr öz fantaziyalarından doğan məlumatları xarici dairələrə çatdırırlar. Həmin qüvvələrin Azərbaycana qarşı aktivləşəcəkləri əvvəlcədən gözlənilən idi. Azərbaycan dövlətinin uğurlarını və ölkəmizin iqtisadi inkişafını həzm edə bilməyənlər apreldə daha da fəallaşacaqlar. Azərbaycana qarşı böyük şəbəkə qurmaq istəyirlər. Bu şəbəkədə dini radikal qruplaşmalar, Azərbaycan daxilində olan siyasi radikallar, erməni diasporundan maliyyələşən və dünyanın müxtəlif yerlərinə səpələnən Azərbaycan düşmənləri də var. Azərbaycan dövləti və hakimiyyəti isə kifayət qədər güclüdür. Azərbaycan Avropa Oyunlarına bu qədər sərmayə qoyubsa, demək ki, özünə güvənir. Bu yarışın sonunda Azərbaycanın gücü və çəkdiyi zəhməti özünü göstərəcək. Bu fəaliyyəti əngəlləməyə çalışan qüvvələr öz əməllərindən peşman olacaqlar”.

olaylar.az