[ 19 Mart 2015 13:07 ]
Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.
APA-nın AMEA-nın saytına istinadən verdiyi xəbərə görə, institutun direktoru, akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Əliyar Səfərli və professor Elməddin Əlibəyzadəyə “İlin alimi” nominasiyası üzrə mükafatları, professor Nüşabə Araslı və arxiv şöbəsinin müdiri Rəna Mustafayevaya isə Xurşidbanu Natəvan mükafatını təqdim ediblər.
Sonra akademik İ. Həbibbəyli “Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası”nın layihəsini elmi ictimaiyyətə təqdim edib. O bildirib ki, layihədə ədəbiyyat tarixinin dövrləşdirilməsi istiqamətində 9 mərhələ üzrə inkişaf proseslərinin xarakteristikası şərh edilib. Bu gün ədəbiyyatşünaslıq elmi qarşısında hadisə sayıla biləcək, böyük aktuallıq kəsb edən Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi konsepsiyası haqqında fakt və əsaslandırmalarla çıxış edən akademik müəllifi olduğu konsepsiyanın layihəsi barədə ətraflı və konseptual şərh verib.
Akademik İ. Həbibbəyli institutda aparılan tədqiqat işləri, xüsusilə 10 cilddə çap edilməsi nəzərdə tutulan “Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinin hazırkı vəziyyəti, “Kitabi-Dədə Qorqud” dastanlarının bir neçə dildə nəşrə hazırlanması prosesi, Azərbaycan ədəbiyyatı antologiyasının nəşri barədə də məlumat verib.
İclasda həmçinin gündəlikdə duran bir sıra cari məsələlərə baxılıb.