Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrının son uğurlarından olan Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində tamaşaçılara təqdim edilib.
AZƏRTAC xəbər verir ki, tamaşanı paytaxtımızın sakinləri ilə yanaşı, şəhərimizin qonaqları da izləyiblər. Türkiyənin Bursa Universitetinin təmsilçisi Məcidə Olğun, Kayseri Erciəz Universitetinin müəllimi Əsli Xəlilqızı və başqaları tamaşadan çox böyük zövq aldıqlarını bildiriblər.
“Bizim Azərbaycana gəlişimiz “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının keçirildiyi günlərə təsadüf etdi. Bu cür festivalların keçirilməsi çox yaxşı haldır. Festival çərçivəsində bir sıra tədbirlərdə iştirak etdik. Düşünürük ki, “O olmasın, bu olsun” tamaşasının nümayişi bu festivalın ən uğurlu tədbirlərindən biri idi. Tamaşada istər aktyor oyunu, istərsə də rejissor münasibəti həddindən artıq maraqlıdır. Musiqi isə möhtəşəm və ecazkar idi. Yəqin ki, uzun müddət “O olmasın, bu olsun”un təəssüratlarını unuda bilməyəcəyik” - deyə qonaqlar tamaşa haqqında firilrərini bölüşərkən bildiriblər.
“O olmasın, bu olsun” tamaşasının quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır. Tamaşada milyonların sevimli gülüş ustası, xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlərdən Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev və başqaları çıxış ediblər.


