Paris, 18 mart, AZƏRTAC
Xalqımızın milli adət-ənənələrini özündə yaşadan Novruz bayramı Parisdə təntənə ilə qeyd olunub.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov tədbirdə çıxış edərək Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunduğunu, Prezident İlham Əliyevin hər il bu bayramla əlaqədar xalqımızı təbrik etdiyini söyləyib.
Diplomat dövlətimizin başçısının azərbaycanlıların harada yaşamalarından asılı olmayaraq, öz doğma vətənləri ətrafında daha sıx birləşmələrinin, ölkəmizlə bağlı həqiqətləri olduğu kimi bütün dünyaya yaymalarının vacibliyi barədə müraciətini diqqətə çatdırıb. Səfir xaricdə yaşayan azərbaycanlıların daim Prezidentin dəstəyini, diqqət və qayğısını hiss etdiklərini vurğulayıb.
Tədbirdə Azərbaycan mahnıları səslənib, “Bakı ulduzları” rəqs qrupunun ifasında milli rəqslərimiz ifa olunub.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
