“Praqa Quantanamosu”nun öz işçilərinə münasibəti dəhşətlidir
“Azadlıq” radiosu. Bəziləri üçün bu ad “düşmən səsi”, digərləri üçün isə müstəqil, obyektiv informasiya mənbəyi kimi qəbul edilir. Lakin “Azadlıq” təkcə ideologiya və yaxud radiostansiyanın yerləşdiyi bina deyil. Bu həm də hər gün işə gəlib-gedən konkret insanlar deməkdir. Lakin onların çoxu “Azadlıq” radiosu rəhbərliyi üçün barələrində istənilən addım atıla biləcək qullardır. Özü də bu qənaətdə olanlar başqaları deyil, vaxtilə burada çalışmış keçmiş əməkdaşlar və hüquq müdafiəçiləridir.

“Azad Avropa / Azadlıq radiosu” 1995-ci ildə Çexiyanın o vaxtkı prezidenti Vatslav Havelin dəvəti ilə Münhendən Praqaya köçürülüb. O vaxt bu hadisə prezident və bir çox çexlərdə bir qürur mənbəyinə çevrildi. Axı paytaxtda o vaxt üçün məşhur olan dünyanın ən məşhur və hörmət edilən bir radiostansiyası yerləşdi.

Qürur və utanc

Lakin hansısa bir anda qürur utanca da çevrilir. Dünya kütləvi informasiya vasitələri, siyasətçilər, hüquq müdafiəçiləri etiraf edirlər ki, “Azadlıq” gözəl addır. Lakin radiostansiyanın bir çox əməkdaşları heç bir hüququ olmayan muzdlu qüvvədir. Xorvatiya vətəndaşı Snejena Pelivan və Ermənistan vətəndaşı Anna Karapetyan uzun müddət radiostansiyada çalışıblar. Sonra isə onları oradan qovublar. Sadəcə, heç nə demədən qovublar. Bəlli olub ki, “Azadlıq”da hətta ikili deyil, üçlü standartlar mövcuddur. Birləşmiş Ştatlar vətəndaşlarını bir, çexləri başqa, “üçüncü ölkələr”, yəni Rusiya, Ukrayna, Xorvatiya, Serbiya, Gürcüstan və digər ölkələrin pasportlarını daşıyanları isə tamam başqa şərtlərlə işlədirlər. Və onların istənilən an qovulmaq “şansları” var. Snejena Pelivan və Anna Karapetyan da qovulmaları ilə razılaşmayıblar. Onların seçimi olub: məzuniyyət götürsünlər və radioda baş verənlər haqqında sussunlar. Ya da ki... Onlar da sonuncunu seçiblər. Yəni məhkəməyə müraciət ediblər. Çexiya məhkəmələrinə, hətta bu ölkənin Ali və Konstitusiya Məhkəməsinə, Avropa İnsan Haqları Məhkəməsinə kimi müxtəlif məhkəmə instansiyalarına üz tutublar.

Amerika məhkəmələri “üçüncü ölkələr”in vətəndaşlarının üzlərinə bağlıdır

1973-cü ildən SSRİ-dən mühacirət edən sovet dissidenti Lev Roytman ixtisasca jurnalist, yazıçı, hüquqşünas kimi çalışır. Uzun müddət “Azadlıq” radiosunda çalışıb. Birləşmiş Ştatlar vətəndaşıdır və uzun müddət Praqada Çexiyanın rezidenti kimi fəaliyyət göstərib. Snejena Pelivan və Anna Karapetyanın “Azadlıq” radiosuna qarşı məhkəmə proseslərində radionun deyil, həmkarlarının tərəfində çıxış edib. Və onlarla birlikdə ədalət uğrunda mübarizə aparır. O, prosesin nə üçün Birləşmiş Ştatlarda deyil, Çexiyada aparıldığını bu cür izah edir - radionun rəsmi siyasətinə görə əcnəbi əməkdaşlar Amerika qanunvericiliyinə deyil, Çexiya qanunlarına tabedirlər. Çexiya qanunvericiliyi tək çex əməkdaşlara qarşı tətbiq edilir. Radio ilə xüsusi əmək razılaşmaları olanlara qarşı isə qayda başqadır. Əcnəbilərə Çexiya qanunvericiliyi radio rəhbərliyi tərəfindən bilərəkdən tətbiq edilmir. Lakin işdən qovulanlar Çexiya məhkəmələrinə müraciət etməli olublar. Amerika məhkəmələri ölkə xaricində ABŞ şirkətlərinə qarşı iddialar qaldıran əcnəbilərin üzünə bağlıdır. ABŞ hüdudlarından kənarda olan əcnəbilər üçün heç bir əmək qanunvericiliyi işləmir.

Dələduzluq aktı

Burada məsələ odur ki, əgər əcnəbi ABŞ ərazisində işləyirsə, onda hər şey normaldır. Lakin “Azadlıq” ölkə hüdudlarından kənarda fəaliyyət göstərir. Radiostansiyanın rəhbərliyi onları işə götürərkən guya ABŞ qanunları ilə müdafiə edir. Lakin belə müdafiəni heç kim gözləməməlidir. Belə çıxır ki, “Azadlıq” əməkdaşlarını aldadır. İndi burada vəziyyət belədir. Məhz bu səbəbdən də bir vaxtlar Çexiya Helsinki Komitəsinin rəhbəri, hal-hazırda isə ombudsman, Çexiyada insan haqlarının müdafiəçisi olan Anna Şabatova “Azadlıq” radiosunun fəaliyyətini dələduzluq adlandırıb. Radioda çalışan “üçüncü ölkə” əməkdaşlarına standart müqaviləyə imza atmağa imkan vermirlər. Orada isə göstərilib ki, onlara ya ABŞ qanunları, ya Kolumbiya dairəsinin qanunları, ya da “Azadlıq” radiosunun daxili istifadə qaydaları şamil edilir. Bu qaydaları əməkdaşlara heç bir zaman oxumağa imkan vermirlər. Versələr belə, insanlar anlayırlar ki, Amerika qanunlarına tabe olmaq nə deməkdir. Bundan əlavə, administrasiya rəhbərliyi ilə əməkdaşlar arasında qarşılıqlı münasibətləri əks etdirən qaydalarda göstərilir ki, onlar istənilən an hər hansı bir səbəb göstərilmədən, yaxud da istənilən bəhanə ilə işdən qovula bilərlər. Bu da administrasiyada mütləq qanunsuzluqlara yol açır.

Kommunizmə qarşı mübarizə aparanlar

Qeyd edək ki, radionun işdən qovulan əməkdaşları Çexiyanın müxtəlif məhkəmələrində gedən proseslərdə uduzublar. Bəlli olub ki, Çexiyada 1963-cü il qanunu fəaliyyət göstərir ki, bu qanun da “Azadlıq”ı tam “dəstəkləyir”. Lakin bu qanun insan haqları üzrə beynəlxalq standartlara ziddir. Bu qanun kommunist Çexoslovakiyasında əcnəbi qanunvericiliyin tətbiqini nəzərdə tuturdu. Bir şərtlə ki, həmin qanunvericilik ölkənin ictimai və dövlət quruluşuna zidd olmasın. Bax burada da bütün tragikomediya başlayır. Paradoks ondadır ki, “Azadlıq” kommunist yalanlarına qarşı özünün apardığı böyük mübarizədə keçmiş Çexoslovakiyanın qanunvericiliyindən yararlanır. Digər fakt odur ki, “Azadlıq” Çexiyada işləyib fəaliyyət göstərən yeganə əcnəbi müəssisədir ki, bu qanun işləyir və məhkəmələr də ona istinad edir. Radioda işləyən və efirdə insan haqlarından bəhs edən insanlar özləri bütün hüquq və azadlıqlardan məhrum ediliblər. Onlar muzdlulardır. Özü də çex siyasətçilərin bir çoxu, məsələn, keçmiş senator, indi isə Avropa Parlamentinin deputatı Yaromir Ştetin radionun belə siyasətini ədalətsiz, ikiüzlü, saxta adlandırıb. Çex Helsinki Komitəsinin indiki rəhbəri Tanya Fişerova isə beynəlxalq hüquq müdafiəçilərini radionun ABŞ-da yerləşən yayımçılarına etiraz müraciətləri göndərməyə çağırıb. Onun bu çağırışına Rusiya, Fransa, hətta Latın Amerikasından olan hüquq müdafiəçiləri qoşulublar. Radionun Praqadakı ofisi isə baş verənləri heç vecinə də almır. Radionun rəhbərliyi üçün beynəlxalq mətbuatın çıxışları yox, bürokratik rahatlıq əsasdır. Onlar hətta öz mənfəətləri üçün şəriət qaydalarını da tətbiq etməyə hazırdırlar. Beynəlxalq mətbuatın bununla bağlı yazdıqlarına nəzər salaq – “Azadlıq radiosu” öz ideallarını satır”, “Azadlıq radiosu - Praqada Quantanamodur”, “Çexiyanın suverenliyi Vatslav meydanında bitir”.

Bütün bunlara baxmayaraq, işdən qovulanlar mübarizəni sona kimi davam etdirmək niyyətindədirlər. Yaxın günlərdə isə ABŞ-dan BMT-nin İnsan haqları üzrə komitəsinə şikayət etmək niyyətindədirlər.

Kaspi.az