“Mançester Siti”nin müdafiəçisi Martin Demişelis Çempionlar Liqasında “Barselona” ilə keçirəcəkləri oyun haqda danışıb. Apasport.az saytının məlumatına görə, argentinalı futbolçu rəqibin heyətində həmyerlisi Lionel Messinin adını xüsusi vurğulayıb.
 
Demişelis Messiyə tərif yağdırsa da, növbəti mərhələ şanslarının bitmədiyini deyib: “Şəxsən mən Messi heyranıyam. Nə edəcəyini, necə oynayacağını təxmin etmək mümkün deyil. Onu dayandırmağın heç bir yolu yoxdu. İlk oyunda bütün diqqətimizi ona yönəltdik, Luis Suares iki qol vurdu. Öz meydanımızda uduzsaq da, səfərdə qələbə qazanıb mərhələ adlaya bilərik”.
 
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyununda “Barselona” “Mançester Siti”ni səfərdə 2:1 hesabı ilə məğlub etmişdi. Bu komandaların cavab görüşü bu gün keçiriləcək.

Milli.Az