Tələbə Qəbulu üzrə Dövlət Komissiyası jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrlara müraciət edib. Lent.az-ın məlumatına görə, 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının 22 fevral 2015 ci il tarixində keçirilmiş birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyirlərsə, mart ayının 19-dan 29-dək TQDK nın internet saytında müvafiq səhifədə (https://eservices.tqdk.gov.az/erizemag/jurnalistikaanket/?frm=egov) jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Anketin bütün bəndləri Azərbaycan dilində, yığcam şəkildə doldurulmalıdır. Anketi doldurmaqla qeydiyyatdan keçən bakalavrlar TQDK tərəfindən elan edilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.
Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməklə komissiya qarşısında cavab verir. Redaksiya tapşırığı yazılı formada yerinə yetirilir.