Kiyev, 17 mart, AZƏRTAC
Jitomir Dövlət Texnologiya Universitetində (JDTU) Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin təntənəli açılış mərasimi olub. Tədbir Azərbaycanın Ukraynadakı səfirliyinin və Jitomirin ən iri ali məktəbinin dəstəyi ilə “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” Ümumukrayna İctimai Təşkilatı (UABD ÜİT) və Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatı (ÜAGT) tərəfindən keçirilib.
Bu günlərdə həmin ali məktəbdə Təhsil, elm və mədəniyyət sahəsində Ukrayna-Azərbaycan Əməkdaşlıq Mərkəzi də açılıb.
Universitetin binası qarşısında Azərbaycan diplomatlarının nümayəndə heyətini, ÜABD və ÜAGT rəhbərlərini və üzvlərini milli geyimli tələbə qızlar qarşılayıblar. Universitetin rektoru Pyotr Melniçuk qonaqları Polesye diyarında səmimi salamlayıb.
Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndikdən sonra mərkəzin açılışı olub.
Rektor P.Melniçuk vurğulayıb ki, JDTU Azərbaycanın üç ali məktəbi və dünyanın onlarca universiteti ilə sıx əlaqə saxlayır.
Azərbaycanın Ukraynadakı səfirliyinin birinci katibi Asim Osmanov qeyd edib ki, universitetdə bu mərkəzin açılması, Azərbaycan-Ukrayna dostluq əlaqələrinin daha bir sübutudur. Diplomat həmvətənlərimizi və müsəlman ölkələrindən olan bütün tələbələri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.
ÜABD-nin sədri Hikmət Cavadov vurğulayıb ki, bu mərkəz Ukrayna paytaxtında deyil, regionda açılan ilk profil mərkəzdir. O, yeni quruma uğurlar arzulayıb.
ÜABD Jitomir vilayət nümayəndəliyinin rəhbəri Rac Qasımovun sözlərinə görə, bundan sonra Jitomirdə Azərbaycan dilini öyrənmək arzusunda olan hər kəs JDTU-da yaradılmış Təhsil, elm və mədəniyyət sahəsində Ukrayna-Azərbaycan Əməkdaşlıq Mərkəzi bazasında bu dili öyrənə bilər.
R.Qasımov deyib: “17 nömrəli məktəbdə də Azərbaycan dili kursları yaradılıb. İstirahət günlərində bizim uşaqlara orada Azərbaycan dili öyrədilir. Azərbaycan mədəniyyətinə və tarixinə aid xüsusi ədəbiyyat da var. Arzu edənlər ÜABD-nin regional ofisinə müraciət edib həmin kurslara pulsuz yazıla bilərlər”.
Tədbirdə Jitomir vilayəti və Jitomir şəhəri rəhbərliyinin nümayəndələri, JDTU-nun professorları və müəllimləri, bu ali məktəbin tələbələri, Azərbaycan diasporunun üzvləri də iştirak ediblər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev