Bakı, 17 mart, AZƏRTAC
Bakıda keçirilən “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində martın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operası təqdim edilib.
AZƏRTAC xəbər verir ki, əməkdar incəsənət xadimi Sevil Hacıyevanın dirijorluğu ilə nümayiş olunan tamaşada baş rolları teatrın solistləri – Arzu Əliyeva və Elnur Zeynalov canlandırıblar.
Qeyd edək ki, əsərin librettosunu Qafqazda geniş yayılmış Azərbaycan xalq dastanının motivləri əsasında bəstəkarın özü yazıb. İnsanın mənəvi gözəlliyinin tərənnüm olunduğu operada Kərəm və Əslinin obrazlarının açılmasında əsasən muğamlardan istifadə edilib. Ü.Hacıbəyli operada muğamatla bərabər, aşıq musiqisindən də yararlanıb.
Səhnə əsərinin quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.