İstanbul, 17 mart, AZƏRTAC
Ankarada yaşayan azərbaycanlı məktəbli Aytac Əliyeva “Rusiya və dünya xalqlarının nağılları uşaqların gözü ilə” adlı beynəlxalq rəsm müsabiqəsinin qalibi olub.
Rusiya Diplomatları Assosiasiyası tərəfindən təşkil edilən beynəlxalq müsabiqənin yekunları Moskvadakı Dövlət Rəsm Qalereyasında açıqlanıb. Rusiyanın Ankaradakı səfirliyinin nəzdində fəaliyyət göstərən orta ümumtəhsil məktəbinin 5-ci sinif şagirdi Aytac Əliyevanın rəsmi Rusiya, Türkiyə, Bolqarıstan və digər ölkələrdən göndərilən 1462 iş arasında 1-ci olub.
Təşkilat komitəsinin sədri Rusiya xarici işlər nazirinin müavini, Prezidentin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov olub. Münsiflər heyətinə isə keçmiş SSRİ-nin xalq rəssamı, Rusiya İncəsənət Akademiyasının akademiki Aleksandr Şilov rəhbərlik edib.
Müsabiqədəki uğuruna görə Aytac Əliyeva diplom və “Gənc diplomat-rəssam” medalı ilə mükafatlandırılıb.
Təhsildə də böyük uğurlar qazanan Aytac Əliyeva bu günlərdə Türkiyədə rus dilində təhsil verən məktəblərin 5-6-cı sinif şagirdləri arasında keçirilən “Hamı üçün dilçilik” adlı intellektual müsabiqədə 2-ci yeri tutub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
