[ 17 Mart 2015 12:09 ]
Bakı - APA. Trans Anadolu (TANAP) Təbii Qaz Boru Xəttinin təməl atma mərasimi Qarsda konsertlərlə qeyd edilib.
“SOCAR Türkiyə”nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 16-da Qarsda İsmayıl Aydəmir idman salonunda keçirilən konsert proqramında Azərbaycanın tanınmış sənətçiləri Azərin, Samir Piriyev, “Natiq Ritm” qrupu və Türkiyəli məşhur müğənni Kıraç çıxış ediblər.
Pulsuz təşkil edilən xalq konsertini təxminən 4 500 Qars sakini izləyib. Konsertdən əvvəl çıxış edən “SOCAR Türkiyə”nin baş icraçı direktoru Kənan Yavuz deyib ki, türk tarixinin ən böyük layihəsi olan TANAP Bakıda yatan şəhidlərimizi Çanaqqalada yatan şəhidlərimizlə bir araya gətirəcək: “Bu layihə ilə Bakıda yatan min 130 nəfər türk şəhidi, Çanaqqalada yatan yüz minlərlə şəhidimizə salam yetirəcək. Bakı fatehi Nuri Paşa, Çanaqqalanın fatehi Mustafa Kamal Paşaya salam göndərəcək”.
Qars Bələdiyyəsinin sədri Mürtəza Qaraçanta isə TANAP layihəsinin Xəzərdən Çanaqqalaya qədər uzandığını və bu önəmli layihənin təməl atma mərasimini Qarsda keçirilməsinin qarslılar üçün böyük bir qürur olduğunu söyləyib.