Bu sözləri Milli.Az-a açıqlamasında millət vəkili Zahid Oruc son dövrlər Avropa Oyunlarına qarşı aparılan qara piar kampaniyasına münasibət bildirərkən deyib.
"Onların iddiaları Azərbaycandır. Bu ölkəni idarə eləməkdir. Azərbaycanın sərvətlərinə sahib olmaqdır. Azərbaycanın xarici siyasətini yönləndirməkdir. Ona görə də ölkəmizin əleyhinə idarə olunan, bəlli mərkəzlərin sifarişi ilə hərəkət edən informasiya məkanından yararlanırlar. Bu cür məqalələr çekist mərkəzlərində yazılır və altına hansısa jurnalistin imzası qoyulur", - o əlavə edib.
Onun sözlərinə görə, ölkəmizə qarşı qara piar aparanlar insanların sosial instinktləri üzərində hərəkət edir, ölkənin təqdimatı və təbliğatı üçün mühüm bir arenanı onun əleyhinə döndərməyə çalışırlar.
Zahid Oruc belə halların tarixdə çox təkrarlandığını deyib: "Onlar bilirdilər ki, Soçi Olimpiadası Putin hakimiyyətinin möhkəmləndirilməsi üçün müsbət təsir edəcək. Bu səbəbdən də ona qarşı qara piar kampaniyası aparılırdı. İndi belə bir düşüncə var ki, Avropa oyunları Azərbaycan dövlətini də, cənab İlham Əliyevi də gücləndirəcək. Buna kim razı olar ki? Hamısı da avtomatik olaraq ölkəmizi "Vur!" əmri verirlər və kartotekalarda etnik-milli hüquqlar, siyasi azadlıqların təminatı, korrupsiya problemi kimi hazır silahlar saxlanılır. Bunu istənilən ölkənin üzərinə çirkli su kimi axıtmaq mümkündür".
Millət vəkili onu da deyib ki, Avropa Oyunlarına qarşı aparılan kampaniya Azərbaycandan haqq tələb eləməkdir, vəsaitlər istəməkdir, belə demək mümkünsə, siyasi korrupsiya nümunələridir.
"O vaxt Bakı-Ceyhan neft kəməri inşa olunarkən dünya ekoloqlarının birləşmiş hərəkatları bu boru kəmərinin bir çox ölkələrə vurduğu zərbələrdən danışmağa başladılar. Haradadır indi onlar? Və haradadır o zərbə? Bir ildən sonra hamı görəcək ki, Avropa Oyunlarının üzərindən "oyun" quranların, Azərbaycan əleyhinə silahlananların hamısının siması da açılacaq", - o vurğulayıb.
Teymur Hacıyev
Milli.Az