[ 13 Mart 2015 12:20 ]
Moskva. Fərid Əkbərov - APA. Kazanda “Admiral” ticarət mərkəzində baş verən yanğın zamanı 3 azərbaycanlı ölüb.
Bunu APA-nın Moskva müxbirinə Ümumrusiya Azərbaycan Konqresinin Tatarıstan Respublikası üzrə Regional bölməsinin sədri Ziyafət Qasımov deyib.
Onların şəxsiyyətinin hələlik məlum olmadığını deyən Z. Qasımovun sözlərinə görə, ölənlərdən ikisinin Gürcüstan əsilli azərbaycanlılar - ər-arvad olduğu açıqlanıb. Digər şəxs isə Azərbaycan vətəndaşı, Gədəbəy rayon sakini olan 17 yaşlı oğlandır. Onun Kazanda çalışan atasının yanına getdiyi bildirilir. Yanğın zamanı ata ticarət mərkəzindən çıxa bilsə də, oğlu orada yanaraq ölüb.
Z. Qasımov onu da deyib ki, yanğın zamanı 25 nəfərin öldüyü məlum olub.