Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, teatrımızın üç istedadlı və təcrübəli aktyoru bu əlamətdar gün münasibətilə təsis olunan nüfuzlu ödüllərə layiq görüldülər.
Teatrın aktyoru, əməkdar artist Rəhman Rəhmanov və aktrisa Tamilla Bünyatova Teatr Xadimləri İttifaqı tərəfindən təsis olunan "SƏNƏTKAR" medalı ilə təltif olundular.
Qeyd edək ki, Rəhman Rəhmanov 29 aprel 1957-ci ildə Bakı şəhərində anadan olub. 8 saylı musiqi məktəbində oxuyub. 1978-1983-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsil alıb.
Televiziyanın yumor verilişlərindən tamaşaçılara yaxşı tanış olan aktyor 1974-cü ildən A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışır. Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə əməkdar artist fəxri adına layiq görülmüşdür, prezident mükafatçısıdır.
“SƏNƏTKAR” medallı aktrisamız Tamilla Faiq qızı Bunyatova isə 8 fevral 1950-ci ildə Bakı şəhərində doğulub. 1973-1978-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsində təhsil alıb. 1976-cı ildən A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışan aktrisa bir sıra Beynəlxalq Teatr festivallarında iştirak etmiş və xarici ölkələrdə qastrol səfərlərində olmuşdur. Teatrda qoyulan tamaşalarda əksər baş rolların ifaçısı olan T. Bünyatova bundan əvvəl "Ən yaxşı qadın rolu"na görə də mükafata layiq görülüb.
Daha bir mükafata, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis olunan fəxri mədəniyyət işçisi döş nişanına layiq görülən Səriyyə Mansurova da teatrımızın aparıcı aktrisalarındandır.
Səriyyə Mansur qızı Mansurova 14 may 1976-cı ildə Bakı şəhərində anadan olub. 190 saylı orta məktəbi 1993-cü ildə bitirib, musiqi məktəbində də təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olub. Tələbə vaxtından taleyini bu teatra bağlayan aktrisa səhnələşdirilən əksər tamaşalarda rol alır.
Milli.Az


