Milli.Az xəbər verir ki, IV “Muğam aləmi” Beynəlxalq muğam festivalı çərçivəsində Azərbaycan Dövlət Flarmoniyasının kamera və orqan musiqisi zalında vokal ifaçısı Ramil Qasımovun konserti keçiriləcək. Martın 17-nə nəzərdə tutulan konsertdə vokalçını Azərbaycan Bəstəkarlar İttifaqının “Baku Simfonietta” orkestri müşayiət edəcək. Orkestrin bədii rəhbəri və baş dirijoru Beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadədir. Gecədə Azərbaycanın tanınmış ifaçısı Ramil Qasımov xalq mahnılarını gənc bəstəkar Elvin Quliyevin işləməsində, yeni aranjmanda ifa edəcək. Konsertdə, həmçinin əməkdar artist Aygün Zeynalova da iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan Bəstəkarlar İttifaqının “Baku Simfonietta” orkestri 2014-cü ilin fevral ayında ABİ-nin sədri xalq artisti Firəngiz Əlizadə və Cavad Tağızadənin təşəbbüsü ilə yaradılıb.

Milli.Az