Bir neçə gün öncə Milli.Az internet portalında yayımlanmış “Azərsun Holdinq”ə məxsus “AzərSüd” məhsulunun içindən şüşə qırıntılarının çıxması barədə xəbəri daha dəqiq araşdırmaq üçün əməkdaşımız adıçəkilən məhsulun istehsal olunduğu Kürdəmir Süd Emalı Zavodunu ziyarət etdi.

Müəssisə ilə tanışlıq zamanı məlum olub ki, “AzərSüd” məhsulunun istehsalı tam avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Həmçinin ən yüksək gigiyenik tələblərə uyğun olaraq hazırlanan “AzərSüd” barədə məlumatların tamamilə həqiqətdən uzaq, “Azərsun Holdinq” məhsullarına qarşı qarayaxma aksiyası olduğu üzə çıxıb. Çox üzücü haldır ki, Milli.Az portalı bu hadisədə bilmədən vasitəçi rolunu oynayıb. Bu xoşagəlməz olayda iştirak etdiyimizdən və portalımızda yanlış məlumatın yayımlanmasından təəssüf hissi keçiririk və bütün oxucularımızı son texnologiyalarla hazırlanan və 100 faiz təbii olan “AzərSüd”dən istifadə etməyə dəvət edirik.

Bir daha qeyd edək ki, “AzərSüd” insan əli toxunmadan, müasir tələblərə cavab verən avadanlıqlarla hazırlanır və ən yüksək gigiyenik tələblərə uyğun olaraq qablaşdırılaraq istehlakçılara təqdim olunur. Milli istehsalçımız “Azərsun Holdinq”ə gələcək fəaliyyətində uğurlar arzu edirik və bizim portala istinad edərək yuxarıda qeyd olunan məlumatı yaymış digər media qurumlarını da bu məsələyə Milli.Az portalı kimi yüksək həssasiyyətlə yanaşmağa və “AzərSüd” barədə bu qarayaxma kampaniyasına rəvac verməməyə çağırırıq.

Milli.Az