Luis Menendez və Yaiza Ximenez sambo üzrə İspaniyanın milli çempionu olublar.

ANS PRESS-in məlumatına görə, Menendez Madriddə keçirilmiş final görüşündə 74 kq çəki kateqoriyasında Viktor Karavakanı məğlub edərək həm özünün İspaniya çempionu titulunu qoruya bilib, həm də Bakı 2015 Avropa Oyunlarında iştirak etmək hüququ qazanıb.

Avropa Oyunlarında kişi samboçular arasındakı yarışlarda İspaniyanı yalnız Menendez təmsil edəcək. Bu barədə Bakı 2015 Avropa Oyunlarının rəsmi internet səhifəsi xəbər yayıb.

Bakıdakı oyunlarda kişilər arasında ən çox sanboçu 74 kq çəki kateqoriyasında yarışacaq. Bu kateqoriya üzrə yarışlarda Bakı 2015-də Fransa, İrlandiya, İtaliya, Latviya, Polşa, Sloveniya və Türkiyədən bir samboçu iştirak edəcək.

Menendezin keçən il qazandığı İspaniyanın milli çempion titulu ona 2014-cü ilin Avropa Çempionatına vəsiqə vermişdi, lakin o 16-cı dövrədə Ukrayna idmançısı Artur Sarkisyana uduzmuşdu.

Bakı 2015 Avropa Oyunlarında iştirak etmək hüququ qazanan digər İspaniyalı qadın samboçu Yaiza Ximenez oldu. O Madriddə qadınlar arasında 60 kq çəkidə tam üstünlüklə çempion adına yiyələndi. Ximenez keçən ilin Avropa çempionatında iştirak etmiş və Bolqarıstanlı Gerqana Vatsovaya yarımfinalda uduzaraq beşinci yeri tutmuşdu.
Mənbə
ANS PRESS