Məsələnin kökünə varid olmaq istəsək qeyd etməliyik ki, əslində cəmiyyət səpdiyi toxumların meyvələrini dərməkdədir. Sirr deyil ki, şəhvət hissi insan varlığının tərkib hissəsidir. Bəzən dini kitablarda bu hissi “heyvani” kimi də dəyərləndirirlər. İnsan üçün bu hissi nəzarətdə saxlamaq, Allahın buyruqlarına uyğun olaraq idarə etməsi onun axirətdəki aqibəti ilə birbaşa əlaqəlidir. Heç kim də inkar edə bilməz: bu hiss Allahın bəndələri üçün bu dünyada təyin etdiyi ən ciddi imtahanlardan biridir. Quranın “Yusif” surəsində Allah buyurur: “Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyl edərdi.” (ayə 24). Fikir verin, söhbət peyğəmbərliyə seçilmiş bəşərdən gedir. Özü də Quranda şəninə onlarla ayə, bir surə nazil olmuş bəşər haqqında. Və məhz onun haqqında buyurulur: “Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyl edərdi”. Deməli, şəhvət həqiqətən də ciddi sınaq, nəzarətdən çıxdıqda isə Şeytanın ən təsirli silahlarından biridir. Deməli, bu təhlükəli hisslə oynamaq olmaz. Deməli, onun daim cin şüşədən çıxan kimi qəfildən meydana gələrək aləmi bir-birinə vurma keyfiyyətini unutmaq olmaz. Bəs əslində nə baş verir?
Əslində isə gənclərimiz gündəlik həyatlarında hər an şəhvətləri saxlanılan şüşənin ağzını açmağa dəvət olunurlar. Dəvətlər isə müxtəlifdir: ətək parodiyasına bənzəyən parçanın altından uzanan cəzb edən ayaqlar, sosial şəbəkələrdə paylaşılan foto və videolar, hətta xəbər portallarında rast gəlinən erotik reklamlar. TV kanallarımız da buna öz töhfəsini verir.
Biz bəzən Qərbi əlimizdə bayraq edərək əslində Qərbdə olmayan hoqqaları çıxarırıq. Yeri gəldi-gəlmədi “Amerikada belədir” deyib hansısa biabırçılığa don geyindirməyə çalışırıq. Amma axı Amerikada heç də elə deyil! Məsələn, ABŞ-da mini-ətəklə küçələrdə dolaşanlara çox az rast gəlmək olar. Rast gələndə də cəmiyyət bilir ki, bunlar nə yolun yolçusudurlar. Yaxud 16 yaşa çatmayan yeniyetmə qız və oğlan birgə küçədə əl-ələ tutaraq gəzərsə mütləq polisin diqqətini cəlb edəcək. Onları polis məntəqəsinə aparacaqlar, valideynləri dəvət olunacaq və s. Eyni zamanda axşam saatlarında küçədə dolaşan cütlük də polislər tərəfindən saxlanılacaq, qadından hansısa təcavüzə məruz qalıb-qalmaması və ya arzu olunmayan tanışlığa cəlb edilib-edilmədiyi öyrəniləcək. Ümumi yayımda olan TV kanallarında isə erotik səhnələrə qadağa qoyulub. Belə “həssas” görüntüləri ya ancaq gecə saatlarında, ya da xüsusi kabel TV-lərdə izləmək olar. Amerikanı tərifləmək fikrindən uzağıq. Sadəcə qeyd etmək istədik ki, əslində çox vaxt istinad edilən dəyərlər heç də təqdim edilən kimi deyil.
Bir sözlə, mövzumuza qayıdaraq deməliyik ki, əslində cəmiyyətdə baş qaldıran cinsi zorakılığın əsl səbəbkarı elə cəmiyyət özüdür. Bu gün verilişinə yarımçılpaq estrada “ulduzunu” dəvət edən aparıcı onun verilişinə baxaraq cuşa gələn birisinin, butulkadan çıxan cinə məğlub olaraq gözləri qızmış halda küçəyə atlanaraq elə aparıcının qızını zorlamasına nəzəri cəhətdən hazır olmalıdır. Heç kimdən də deyil, özündən inciməlidir. Çünki o şüşənin qapağını qaldıran elə özü olub. Anlamaq lazımdır ki, bu cəmiyyəti biz hamımız formalaşdırırıq. Və hamımız da bunun bəhrəsini görəcəyik, meyvələrini dərəcəyik: istər bu meyvələr çürük olsun, istərsə də sağlam. Əlbəttə ki, biz demirik ki bu gün küçəyə çıxan hər kəs manyak dəstələrin təcavüzünə məruz qalmaq təhlükəsi ilə üz-üzədir. Allaha şükür ki, hələ bu mərhələyə gəlib yetişməmişik. Amma məgər dərəyə yuvarlanandan sonra tədbir görülməlidir? Ayaq saxlayıb dərəyə tərəf irəliləməkdən vaz keçmək daha yaxşı olmazmı?
Allah insanları şəhvəti ilə sınağa çəkir, Özü də buyurur ki, bu çox ağır sınağdır. İnsanlar imtahan meydanındadırlar. Bu imtahanı bir qədər də qəlizləşdirmək, imtahanın şərtlərini dözülməz etmək kimin maraqlarına xidmət edir? Axı özümüz oturduğumuz qayığı niyə öz əllərimizlə odlara qərq edək?
İslam.az