Fehruz Şamıyev: “Qarabağla bağlı hər hansı bir filmin beynəlxalq festivalda mükafat alması çox çətin məsələdir”
Ötən həftə kino sahəsində gənc rejissor, kinoşünas, prodüser Fehruz Şamıyevdən yeni xəbər eşitdik. Belə ki, F.Şamıyevin quruluş verdiyi “Yol” filmi İranda IX “Ruyesh” Beynəlxalq Qısametrajlı Film Festivalının baş mükafatına layiq görülüb. Həmyerlimizin uğuru ilə yanaşı, məhz Qarabağ hadisələrindən bəhs edən filmin festivalda qalib gəlməsi ikiqat sevindiricidir. Filmin festivalda nümayişi fevralın 27-də - Xocalı soyqırımından bir gün sonra baş tutsa da, F.Şamıyev mükafatı alarkən faciə haqqında festival iştirakçılarını məlumatlandırıb və aldığı mükafatı Xocalı soyqırımında həlak olanların adına qəbul etdiyini bildirib.

“Gənclik qəzeti”nin bu sayında istedadlı gənc rejissorumuzdan səfər təəssüratlarını öyrəndik. Əvvəlcə müsahibimizi qalibiyyətə görə təbrik edib, sonra suallarımızı ünvanlandıq:

- Fehruz müəllim, iştirak etdiyiniz “Ruyesh” Beynəlxalq Qısametrajlı Film Festivalı kino aləmində hansı nüfuza malikdir?

- “Ruyesh” İranın Tehran şəhərində keçirilən kifayət qədər tanınmış bir festivaldır. Əvvəlki illərdə də müxtəlif ölkələrdən olan 15-dən çox xarici rejissor bu festivalda iştirak edib. Həmin festival Tehranın ən böyük kino mərkəzi sayılan “Cinema Azade” kino mərkəzində keçirildi. Festivalda Azərbaycandan yeganə olaraq “Yol” filmi iştirak edirdi. Vacib məqamlardan biri də o idi ki, İran Kinematoqrafçılar İttifaqının rəhbərliyi, İranın tanınmış kino xadimləri festivalda iştirak edirdilər. Orada Moskva və Tokio Film festivallarının qalibi, Kann Festivalında tənqidçilərin xüsusi mükafatının sahibi Rza Mirkərimi, sonuncu “Kazan” festivalında mükafat alan Salam Salavati, eləcə də digər ölkələrin kino xadimləri ilə görüşümüz və birgə layihələr barədə müzakirələrimiz oldu. Festivalda üç bölmə ayrılmışdı – yerli filmlər, beynəlxalq bölmə və İslam ölkələrinin filmləri. Bizim təqdim etdiyimiz “Yol” filmi İslam ölkələri bölməsində baş mükafata layiq görüldü. Festivala çox maraqlı filmlər göndərilmişdi. Filmimizin proqrama daxil olması bizim üçün böyük şərəfdir. Bildiyimə görə, İslam ölkələri proqramına 150-dən artıq film göndərilmişdi. O filmlər arasından yarışma mərhələsinə 10 film çıxarılmışdı. 10 film arasında bizim film baş mükafata layiq görüldü. Onu da qeyd edim ki, Qarabağla bağlı hər hansı bir filmin beynəlxalq festivalda mükafat alması çox çətin məsələdir. Bizim filmdə də açıq şəkildə konkret iki ölkə arasında baş verən münaqişədən bəhs edilir. Filmə baxanda da orada iki düşmənin olduğu hiss olunur. Filmin əsas qəhrəmanları da erməni zabiti ilə azərbaycanlı həkimdir. Mesaj ondan ibarətdir ki, hər insan doğulduğu yerdə ölməlidir. Yəni insanlar Vətənə bağlı olmalıdırlar. Filmdə göstərilir ki, Ermənistan Azərbaycan ərazisini işğal edib. Doğulduğu torpağa gələn professor öz torpağında əsir düşür. Filmimizin verdiyi mesaj Azərbaycanda çəkilən heç bir filmdə yoxdur. Bəlkə də mükafat almağımızın səbəbi də filmdə tamaşaçılara ötürdüyümüz mesajımızın fərqli olmasıdır.

- Beynəlxalq festivallarda müharibə mövzusu münsiflər heyəti üçün nə qədər maraqlı olur?

- Müasir dövrdə kinematoqrafiyada müharibə mövzusu çox işlənib. O yerdə ki iki dövlət arasında konflikt, müəyyən ərazi ilə bağlı iddialar, münaqişəli məsələlər var, onlara aid filmlərin festivallara yol açması çox çətin məsələdir. Festivalların əsas siyasəti daha çox orijinal kino dili, humanizm, kinematoqrafik yanaşma tərzidir. Beynəlxalq festivallarda daha çox bunlar qabardılmalıdır. Müharibənin özü yox, rejissorun müharibəyə baxış bucağı məsələsi daha çox maraqlıdır. Filmimizin 10-luğa düşməsi bizim üçün də maraqlı idi. Çünki bizim filmimizdə açıq şəkildə göstərilir ki, Azərbaycan əraziləri erməni işğalçıları tərəfindən işğal olunub.

- Bu, “Yol”un qatıldığı ilk festival idimi?

- Hesab edirəm ki, əgər bir film çəkilirsə, onu istənilən festivala göndərmək olmaz. Hər bir filmin, mövzunun əhatə dairəsinə görə müəyyən festivallar təşkil olunub. Filmin iştirak edəcəyi festivalı rejissor, prodüser özü təyin etməlidir ki, onun hazırladığı film hansı festivallar üçün nəzərdə tutula bilər. Əsas məsələ odur ki, kinemotoqrafik yanaşma olsun. Bizim filmimizdə olan yanaşma tərzi müəyyən festivalların prinsipi ilə uyğundur. O ki qaldı filmimizin qatıldığı festivallara, “Yol” filmini bundan öncə İzmir qısa filmlər festivalına göndərmişdik. Ancaq təəssüflər olsun ki, filmimiz həmin festivalda göstərilən tarixə gecikmişdi.

- Bu gün çəkilən yerli filmlərimiz barədə tamaşaçılar xəbərsiz qalırlar. Sizcə, bizim yerli filmlərimizin təbliğatı yetərli səviyyədədirmi?

- Hesab edirəm ki, film hazırlanarkən onun təbliğatını ən azı ssenarisi qədər düşünmək lazımdır. Təbliğatdan çox şey asılıdır. Əgər film çəkilibsə, o, rəfdə qalmamalıdır. Hər bir filmin özünün büdcəsindən müəyyən qədər vəsait ayrılmalıdır ki, o özünü reklam etsin. Film çəkildikdən sonra növbəti bir mərhələ – tanıtımı, yayımı, satışı məsələsi gəlir. Kino istehsalının üç qolu var idisə, müasir kinematoqrafiyada ona dördüncü qol da əlavə olunub – hazırlıq, çəkiliş, post prodakşın və dördüncü mərhələ - filmin reklamı. Hətta elə filmlər var ki, ona ayrılan vəsaitin 50 faizini reklama sərf ediblər. Bu, çox vacib amildir.

- Artıq festivalda qalib oldunuz. Bəs bundan sonra yeni filmlər çəkəcəksinizmi, yoxsa bu qalibiyyətlə kifayətlənəcəksiniz?

- Hələ ki əlimizdə bir neçə sənədli filmin layihəsi var. Onların hansını məsləhət bilsək, yəqin ki, onu da çəkməyə çalışacağıq. “Cinema” mərkəzinin öz bazasında bir neçə bədii film ssenarisi var. İndi bir az müəyyən çətinliklərimiz mövcuddur. Ancaq həmin filmlərin istehsalı ilə bağlı çalışırıq. Hazırda növbəti film çəkmək arzusundayıq və bunu da edəcəyik.

- Bu gün gənc rejissorlara hansı şərait yaradılıb? Ümumiyyətlə, kino sahəsində gənclərə meydan verilibmi?

- Söhbət hansısa bir dövlət qurumundan gedirsə, bildiyim qədəri ilə, “Azərbaycanfilm” kinostudiyası gənclərlə bağlı bir sıra layihələr həyata keçirib. Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi “Bu meydan, bu ekran” layihəsinə verdiyimiz film qalib gəlmişdi. 55 layihə içərisindən yalnız 3-ü qalib oldu və onlardan biri də biz idik. “Azərbaycanfilm” kinostudiyası özü son vaxtlar böyük bir almanax istehsal edib. Belə ki, xaricdə oxuyub gələn azərbaycanlı rejissorlarla bağlı bir sıra layihələr həyata keçirilir. Bizim mənfi tərəfimiz odur ki, müstəqil şəkildə böyük şirkətlərin, müəssisələrin qapılarını çox döymürük. Hesab edirəm ki, Azərbaycanın kino sənayesində çoxlu qapı döymək və kinonu böyük şirkətlərin yadına salmaq lazımdır. Böyük şirkətlər həm də kino biznesinə maraq göstərməlidirlər.

- Sizcə, döyülən qapılar rejissorlarımızın üzünə açılacaqmı?

- Sözsüz ki, hər bir müəssisənin özünə aid problemi var. Sadəcə olaraq, qapı döyməyin maraqlı formasını tapmaq lazımdır. İkinci bir tərəfdən biz də bir qədər əziyyət çəkməliyik. Həm də o qapılar içəridən çox möhkəm şəkildə bağlanıb. Belə məsələlər də var. Hesab edirəm ki, yaxın zamanda bu məsələlər həll olunacaq. Həmin şirkətlərin qapılarını tez-tez və möhkəm döysək, bəlkə bir şey alınar.

- Xaricdə film sahəsinə yatırım edən hər bir özəl şirkətə dövlət tərəfindən vergilərdə müəyyən güzəştlər olunur. Ona görə də böyük şirkətlər film sahəsinə maraq göstərirlər.

- Bildiyimə görə, bu sistem Azərbaycanda da təbliğ edilməyə başlanıb. Bir neçə ay bundan öncə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və Müşfiq Hətəmov Milli Məclisdə bununla bağlı bir sıra məsələlər irəli sürüblər. Orada kinoya aid olan texniki avadanlıqların dünya standartlarına çatdırılması üçün kinomuzun mütləq bir sıra vergi növlərindən, gömrük rüsumundan azad olunması ilə bağlı müzakirələr aparılıb. Bu, çox gözəl addımdır. Bu təkliflər tez bir zamanda reallaşmalıdır.

Kaspi.az