[ 06 Mart 2015 14:33 ]
Bakı. Könül Kamilqızı - APA. "Təhsil sisteminin maddi-texniki bazasının gücləndirilməsi qarşımızda duran ən mühüm vəzifələrdən biridir. Amma hər birimiz çox yaxşı başa düşürük ki, təhsilin keyfiyyəti yalnız maddi-texniki bazanın gücləndirilməsi ilə bitməz. Yəni ali təhsilin keyfiyyətinin yüksəldilməsində yalnız maddi-texniki bazanın yenilənməsi ilə kifayətlənə bilmərik. Bizim qarşımızda duran vəzifə və çağırışlar daha genişdir".
APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.
Nazir Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da həm təhsil verən, həm də təhsil alanlar qarşısında vəzifələr qoyulduğunu xatırladaraq bildirib ki, müasir universitet dedikdə ilk növbədə standart müəyyənləşdirməli, resurslar beynəlxalq səviyyəyə uyğunlaşdıraraq ən yüksək nəticələrə nail olunmalıdır:
"Biz müasir universitet dedikdə nəyi nəzərdə tuturuq? Ali təhsil sisteminin qarşısında bu gün iqtisadi çağırışlar var. Kifayət qədər müəllimlərimiz, alimlərimiz xarici ali təhsil müəssisələrinə dəvət edilib. Bəziləri 90-cı illərdə qonşu dövlətlərdə ali məktəblərin yaradılmasında iştirak ediblər. Sevindirici haldır ki, onların bəziləri bu gün vətənə dönür.
Lakin qeyd etməliyik ki, belə bir axın ali təhsil sistemində təhsilin keyfiyyətinə təsirsiz ötüşmür. Bu gün ali təhsildə kütləviləşmə yaranıb və ali məktəblər buna uyğun olaraq fəaliyyətlərini qurmağı bacarmalıdır. Əgər 30 il əvvəl hər 100 məzundan 15-20-si ali məktəbə qəbul olurdusa, bu gün artıq hər 100 məzunun 40-a yaxını tələbə olur. Bu kütləviləşmə də ali təhsil müəssisələrinə müəyyən dərəcədə təsir edir. Ali məktəblər də bu günün çağırışlarına cavab olaraq müasir tədris texnologiyalarından istifadə edərək öz təhsil sistemlərində keyfiyyətin yüksəldilməsi üçün yeniliklər tətbiq etməlidirlər".