Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Qara Qarayev prospekti 80/45 ünvanında yerləşən binanın həyətində qeydə alınıb.

Hadisə zamanı həmin binada yaşayan 48 yaşlı Vüqar Məmmədov tanımadığı şəxslər tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Cərrahi əməliyyatdan sonra onun həyatını xilas etmək mümkün olub.

İlkin məlumatlara görə, zərərçəkən Vüqar Məmmədov hadisədən əvvəl binanın həyətində yüksək səslə danışan şəxslərə iradını bildirib. Elə bundan sonra tərəflər arasında mübahisə yaranıb. Həmin şəxslərdən biri Vüqar Məmmədova bir neçə bıçaq zərbəsi vurduqdan sonra hadisə yerindən qaçıb.  

Hazırda polislər cinayəti törədən və hadisədə iştirak edən şəxslərin axtarışını davam etdirirlər.   

Region TV