Futbolçunun vəziyyəti matçın ortasında pisləşdi. ANS PRESS-in məlumatına görə, İngiltərə Premyer Liqasında "Swansea" ilə "Tottenham"ın qarşılaşması zamanı qorxu dolu anlar yaşanıb.

Matçıın 7-ci dəqiqəsində "Swansea"nin fransız qolçusu Bafetimbi Gomis bir anda yerə yıxılıb. Gomisin ətrafına yığışan oyunçular təşvişə düşüblər. Hər iki komandanın həkimləri dərhal stadiona çıxaraq oyunçuya tibbi yardım göstəriblər.

Oyunda 8 dəqiqəlik fasilə yaranıb. Oksigen verilən Gomis isə xərəklə stadiondan çıxarılıb. Ulduz oyunçu dərhal xəstəxanaya aparılıb. Onun yerinə isə oyuna Nelson Oliveira daxil olub.

Futbolçu "vazovagal senkop" adlı xəstəlikdən əziyyət çəkir. O, 2009-cu ildə də "Lyon" forması ilə çıxdığı matçda özündən getmişdi. Bu sindromdan əziyyət çəkən insanlarda nəm, isti və ya gərginlik anında ani olaraq şüurun itməsi, yerində dayana bilməmək müşahidə edilir. Onlarda ani olaraq qan təzyiqi düşür.

Vəziyyəti yaxşılaşan futbolçu xəstəxanadan sevənlərinə mesaj göndərib. "Ən üzüldüyüm an oyunçu yoldaşlarımı yarıda qoymaq oldu. İndi hər şey yaxşıdır".






Mənbə
ANS PRESS