Bakı, 4 mart, AZƏRTAC
“Bakı-2015” ilk Avropa Oyunlarının başlanmasına 100 gün qalır.
AZƏRTAC xəbər verir ki, bununla bağlı martın 4-də “Fairmont Baku” mehmanxanasında təşkil edilən tədbirdə birinci Avropa Oyunlarının medalları ictimaiyyətə təqdim olunub. “Bakı-2015” brendinə uyğun şəkildə hazırlanmış və üzərində dekorativ təsvirlər əks olunan medallar 380 qramlıqdır.
Tədbirdə, həmçinin birinci Avropa Oyunlarının biletlərinin qiymətləri də açıqlanıb. Qiymətlər yarışların mərhələsi, keçirildiyi məkan və oturacaq kateqoriyasından asılı olaraq dəyişəcək.
Qeyd edək ki, bu il iyunun 12-dən 28-dək Azərbaycanın ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarının proqramına 20 idman növü daxil olunub. On yeddi gün ərzində Avropadan 6 mindən çox idmançı yarışların mükafatları uğrunda mübarizə aparacaq.