Xızı, 3 mart, Məhərrəm Əlioğlu, AZƏRTAC
Martın 3-də Xızı rayonunda idmançılar və idman mütəxəssisləri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan tədbirin iştirakçıları əvvəlcə rayon mərkəzindəki parkda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib və xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov, rayon gənclər və idman idarəsinin rəisi Şəmsi Allahverdiyev, YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanov, Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov, dünya, olimpiya, Avropa çempionları və digərləri çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıblar.
Bildirilib ki, ölkəmizdə idman siyasətinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir. Azərbaycanın gənc nəsli dövlət qayğısı ilə əhatə olunub.
Natiqlər vurğulayıblar ki, ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il idmanın müxtəlif növləri üzrə keçirilən Avropa, dünya çempionatlarında, olimpiya oyunlarında uğurlu nəticələr göstərirlər. Dövlətimizin başçısı İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi qeyd olunub.
Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmadığını deyən çıxışçılar bildiriblər ki, məhz onların istəyi ilə son illərdə ölkəmizdə mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilib.
Xüsusi vurğulanıb ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda qazandığı nüfuz ilə birbaşa bağlıdır. Siyasi, iqtisadi və mədəni əhəmiyyəti ilə diqqəti cəlb edən bu hadisə, həm də Azərbaycanın son illərdə idman sahəsində qazandığı uğurlara dəstək xarakteri daşıyır.
Natiqlər paytaxtda və regionlarda gənclərin asudə vaxtının səmərəli təşkili üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıblar.
Sonra Xızıda idmanın inkişafındakı xidmətlərinə görə bir qrup şəxs mükafatlandırılıb.
Daha sonra rayonun fərqlənmiş yeniyetmə idmançılarına qiymətli hədiyyələr təqdim olunub.





