Türkiyə Superliqasında növbəti mövsüm üçün transfer və baş məşqçi axtarışları sürətlənib. Ötən mövsümü uğursuz tamamlayan və yeni bir başlanğıc etmək istəyən "Beşiktaş" rəhbərliyi dünya futbolunun ən parlaq simalarından biri ilə danışıqlara hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Xəbərdə İstanbul təmsilçisinin prezidenti Hasan Aratın rəhbərlik etdiyi heyətin son olaraq “Real Madrid”i çalışdıran və uzun müddətdir işsiz olan əfsanəvi fransalı mütəxəssis Zinəddin Zidanla görüşmək üçün hərəkətə keçdiyi bildirilir.

Klub rəhbərliyinin Zidanın meneceri ilə əlaqə yaradaraq rəsmi görüş təyin etdiyi vurğulanıb. Fransa mətbuatının da yaxından izlədiyi bu kritik randevuda “Beşiktaş”ın gələcək layihələri, büdcəsi və fransalı məşqçiyə təklif olunacaq şərtlər müzakirə ediləcək. Futbol dünyasında böyük həyəcan yaradan bu gedişatın necə nəticələnəcəyi və Zidanın Türkiyəyə gəlməyə razı olub-olmayacağı yaxın günlərdə keçiriləcək görüşdən sonra bəlli olacaq.