“Real Madrid”ə qayıdacağı deyilən Joze Mourinyo heyətdə ciddi dəyişikliklər etməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis heyətdə bir neçə futbolçu ilə yolların ayrılmasını istəyir. İspaniya mətbuatında yayılan məlumata görə, təcrübəli çalışdırıcı transfer siyahısına “Mançester Siti”nin ulduzu Rodrini də əlavə edib. Mourinyo “Qızıl top” sahibi olan ispaniyalı yarımmüdafiəçini gələcək layihəsinin əsas fiqurlarından biri kimi görür.

Bundan başqa, Joze Mourinyonun Markus Reşfordun da transferində maraqlı olduğu iddia edilir. İngiltərə mətbuatının məlumatına görə, portuqaliyalı mütəxəssis daha əvvəl “Mançester Yunayted”də birlikdə çalışdığı hücumçunu yenidən komandasında görmək istəyir.

Hazırda "Barselona" ilə gələcəyi tam dəqiqləşməyən Reşfordun transferi baş tutarsa, ingiltərəli futbolçu həm “Barselona”, həm də “Real Madrid” forması geyinən nadir oyunçulardan biri olacaq.

Qeyd edək ki, Joze Mourinyo 2010-2013-cü illərdə “Real Madrid”in baş məşqçisi olub. O, Madrid təmsilçisi ilə La Liqa və Kral Kubokunu qazanmağı bacarıb.