Türkiyə nəhəngi “Qalatasaray” yay transfer pəncərəsi üçün əsas hədəfini müəyyənləşdirib. İstanbul klubunun diqqət mərkəzində hazırda “Mançester Siti”nin ulduzu Bernardo Silva dayanır.
Metbuat.az Türkiyə mediasına istinadla xəbər verir ki, sarı-qırmızılı klubun rəhbərliyi portuqaliyalı ulduzu heyətinə qatmaq üçün ciddi hazırlıqlara başlayıb.
Məlumata əsasən, “Mançester Siti” ilə yollarını ayırmağa hazırlaşan 31 yaşlı futbolçuya yüksək məvacibli müqavilə təklif olunacaq. Bəzi xarici mənbələr “Qalatasaray”ın Silva üçün illik 15 milyon avro maaş ayırmağa hazır olduğunu yazır.
Transfer uğrunda mübarizədə yalnız “Qalatasaray” yoxdur. İtaliyanın “Yuventus” klubu, eləcə də Səudiyyə Ərəbistanı təmsilçilərinin də təcrübəli yarımmüdafiəçi ilə maraqlandığı bildirilir. Buna baxmayaraq, İstanbul təmsilçisinin maliyyə təklifi futbolçunun diqqətini çəkib.
Qeyd edək ki, Bernardo Silva 2017-ci ildən “Mançester Sity”də çıxış edir. O, İngiltərə klubunun heyətində Çempionlar Liqası da daxil olmaqla çoxsaylı titullar qazanıb və komandanın əsas simalarından birinə çevrilib.