İtaliyanın “Komo” klubunun baş məşqçisi Sesk Fabreqas “İnter Milan”da çıxış edən Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu haqqında fikirlərini bölüşüb.

İtaliya Kubokunda yarımfinal mərhələsində “Komo” 2:0 hesabı ilə irəlidə olsa da, H.Çalhanoğlunun iki qolu və bir məhsuldar ötürməsi sayəsində “İnter” oyunu 3:2 hesabı ilə çevirərək növbəti mərhələyə yüksəlib.

Metbuat.az xəbər verir ki, görüşdən sonra açıqlama verən Fabreqas yarımmüdafiəçini yüksək qiymətləndirib: “Hakan Çalhanoğluna heyranam. “İnter”ə qarşı oynayanda ilk baxdığım onun heyətdə olub-olmamasıdır və planımızı buna görə qururuq. Onun kimi çempion futbolçular ideal oyun sərgiləsəniz belə, çıxış yolu tapa bilirlər”.

İspaniyalı mütəxəssis əlavə edib ki, bu səviyyədə oyunçular azdır: “Onun kimi futbolçular – Andrea Pirlo, Luka Modric Toni Kroos kimi çox deyil. Çalhanoğlu ətrafında komanda qurula biləcək oyunçudur və hazırda komandaya liderlik edir”.