"Hakimlər İstanbulun iki böyük komandasından - "Qalatasaray" və "Fənərbaxça"dan çəkinir. Bunu açıq söyləyirəm. İstanbulda bu iki komandanın meydançasında onların əleyhinə qərar vermək Türkiyədə heç bir hakimin iradəsi daxilində deyil".

Metbuat.az xəbər verir ki, bu sözləri keçmiş hakim Erman Toroğlu deyib.

Toroğlu ötən gecə keçirilən "Fənərbaxça" - "Caykuru Rizespor" matçını idarə edən hakimin kobud səhvlərə yol verdiyini bildirib. Onun sözlərinə görə, "Fənərbaxça"nın böyüklüyü hakimə öz vəzifəsini dürüst yerinə yetirməyə imkan vermədi:

"Hakim qonaq komandanın oyunçularına gözünü qırpmadan sarı, qırmızı kart göstərirdi. Amma eyni oyun vəziyyətində "Fənərbaxça"nın futbolçularını cəzalandıra bilmədi. Bunu etmək üçün ürək lazımdır. Türkiyədə cəsur hakim yoxdur. Nə qədər desək də, yazsaq da əhəmiyyət verən olmur. Buna görə də türk futbolu inkişaf etmir".