"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi ötən gün komandasının təlim-məşq prosesinə qatılmayıb.
Metbuat.az xəbər verir ki, 33 yaşlı hücumçunun idmana çıxmaması müzakirəsiz ötüşməyib. Türkiyə mediası təcrübəli qolçunun klub rəhbərliyindən narazı olduğu üçün bu cür davrandığını iddia edib.
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk bu iddiaların əsassız olduğunu bildirib. Buruk İkardinin qızlarını görmək üçün ondan 5 günlük icazə aldığını vurğulayıb. "İkardi Argentinadadır. O, tezliklə Türkiyəyə qayıdacaq", - baş məşqçi belə deyib.
Qeyd edək ki, Mauro İkardi zədə üzündən bu mövsüm əksər matçlarda ehtiyat oyunçular skamiyasında oturmalı olub. Buna baxmayaraq, rəqib qapılarından 13 qol keçirməyi bacarıb. Gələn həftə keçiriləcək "Trabzonspor" - "Qalatasaray" matçında zədəli Osimeni İkardinin əvəz edəcəyi gözlənilir.