Türkiyənin tanınmış məşqçisi Fatih Terim yenidən böyük futbola qayıdır. Təcrübəli mütəxəssis Səudiyyə Ərəbistanının məşhur futbol klubunun sükanı arxasına keçə bilər.
Metbuat.az xəbər verir ki, bu iddia ilə Türkiyənin "Sözcü" qəzeti çıxış edib. KİV Terimin vaxtilə baş məşqçisi olduğu "Əl-Şabab" klubunun yenidən türkiyəli mütəxəssisin xidmətində maraqlı olduğunu yazıb.
Məlumatlara görə, "Əl-Şabab" rəhbərliyi hazırkı baş məşqçinin fəaliyyətindən narazıdır. Səudiyyə Ərəbistanı klubu Fatih Terimi geri qaytarmağa hazırlaşır.
Qeyd edək ki, 72 yaşlı Fatih Terim "Göztəpə", "Milan", "Fiorentina", "Qalatasaray" və "Əl-Şabab" klublarının baş məşqçisi olub. O, türk futbolunun imperatoru adlandırılır.