Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Təcrübəli mütəxəssisin yubileyi Çempionlar Liqasının Liqa mərhələsinin VII turuna təsadüf edib.

Azərbaycan çempionu "Ayntraxt"la (Frankfurt, Almaniya) ev matçında 3:2 hesabı ilə qalib gəlib. Bu, "Qarabağ"ın Qurbanovun baş məşqçiliyi dövründə 471-ci qələbəsi olub. Mütəxəssis "Neftçi"də 25, Azərbaycan milli komandasında 4 qələbədə pay sahibi olub. Klub karyerasındakı 496 qələbədən 364-ü Premyer Liqa, 54-ü ölkə kuboku, 78-i avrokuboklarda qeydə alınıb. Mütəxəssisin 500-cü qələbəsi karyerasındakı 857-ci matça təsadüf edib. O, komandaları ilə keçirilən oyunların 58,34 faizində qalib gəlib.

Qeyd edək ki, Qurbanov baş məşqçi kimi ilk qələbəsini 2006/07 mövsümündə "Neftçi"nin "sükanı arxası"nda əldə edib. 2006-cı il avqustun 6-da "Gənclərbirliyi"ni qəbul edən paytaxt təmsilçisi böyük hesabla qalib gəlib – 6:1.