“Real Madrid”in fransız ulduzu Kilian Mbappe bu dəfə qolları ilə deyil, şəxsi həyatıyla gündəmə gəlib. Mbappenin yaşadığı dəbdəbəli ev İspaniyada müzakirə mövzusuna çevrilib.

Metbuat.az xəbər verir ki, Bernabeudan cəmi 15 kilometr aralıda yerləşən La Finkada yaşayan Mbappe 11 milyon avroluq evi ilə ispanları təəccübləndirməkdə davam edir. Sözügedən mülk əvvəllər Qaret Beylə məxsus olub. Evin yaşayış üçün nəzərdə tutulan sahəsi 1200 kvadrat metrdən çoxdur.

İspan mediasının yazdığına görə, Mbapenin evində 7 yataq otağı və 11 vanna otağı var. Burada həmçinin bir neçə açıq terraslar, kinoteatr otağı, cakuzi və qızdırılan qapalı hovuzu olan geniş istirahət zonası var.

Xarici media evdə idman zalı, sauna və şəxsi qolf meydançasının olduğunu da qeyd edib. Xəbərdə həmçinin 7 maşın üçün dayanacağın və geniş bağçanın olduğuna dair məlumatlar da yer alıb.

Memarlıq nöqteyi-nəzərindən bu lüks rezidensiya müasir, minimalist üsluba, avanqard xətlərə, böyük pəncərələrə malikdir.

Mbapenin malikanəsi maksimum təhlükəsizlik və ciddi nəzarət xüsusiyyətləri ilə seçilir.