Azərbaycanda bir deyim var, yalan ayaq tutur, amma yerimir. Ancaq İnternet əsrində təəssüf ki, yalan ayaq tutur, hətta yeriyir də. İnanıram ki, peşəkar jurnalistlər "feyk nyus" adlanan yalan xəbərləri aşkarlayıb cəmiyyəti maarifləndirəcək.
Publika.az xəbər verir ki, bunuVI Beynəlxalq Humanitar Forum çərçivəsində "Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid" mövzusunda işçi sessiyada çıxışı zamanı "Azərtac"ın İdarə Heyətinin sədri Aslan Aslanov deyib.
Onun sözlərinə görə, informasiyanın dəqiqlik, obyektivlik və qərəzsizlik kimi meyarları çoxlarının yadından çıxıb: "Artıq anonim mənbəyə istinad ənənəsi genişlənib. Niyə mənbənin adı açıqlanmır? Əksər vaxtlarda informasiya resursu yalan məlumatı anonim mənbə adı ilə auditoriyaya sırıyır. Bunun axırı yoxdur. Heç bir ciddi media etibardan düşməyə razı ola bilməz. "Azərtac" heç zaman anonim mənbəyə istinadla xəbər yayımlamır. Ona görə də pis vəziyyətdə qalmırıq".
Aslan Aslanovun fikrincə, yanlış məlumatlandırma siyasətinin qorxunc nəticələri üzə çıxmağa başlayıb: "Bu, dünyada sabitliyə təhdiddir. Xalqları, ölkələri, dinləri bir-birinə qarşı qoymaq, insanları vuruşdurmaq kimi cəhdlər yalnız müəyyən qüvvələrə sərf edir. Çaşdırıcı informasiyaların artması ciddi narahatlıq doğurur. Bəzən ehtiyatsızlıqdan da yalan məlumatlar yayıla bilər. Müxbirin məlumatsızlığına görə yanlış xəbərlər dərc edilə bilər. Bunu istisna etmək olmaz və heç kəs bundan sığortalanmayıb".
O qeyd edib ki, qarşıdurmalar zamanı informasiya güclü rol oynayır, cəmiyyətin şüuruna birbaşa təsir göstərir.
Aslan Aslanov Türkiyə "Zeytun budağı" antiterror əməliyyyatına başlayanda PKK terror təşkilatına yaxın saytlar tərəfindən ağlasılmaz xəbərlər yayıldığını xatırladıb: "Anadolu agentliyi bu xəbərlərin arxasınca gedib həqiqəti üzə çıxardı. Azərbaycan da Ermənistanın vaxtaşırı yaydığı "feyk nyus"un qurbanına çevrilir. Xocalı soyqırımına dair "Azərtac"ın fotoqrafının çəkdiyi fotodan əleyhimizə istifadə etməyə çalışdılar. Türk həmkarlarımız kimi dünya ictimaiyyətinə sübut etdik ki, uydurma soyqırımı olmayıb, Ermənistan tərəfindən azərbaycanlılara qarşı Xocalı soyqırımı törədilib. Belə faktlar çox olub. Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini atəşə tuturdu, əks təbliğatın şahidi olduq. Layf.nyus adlı erməni əsilli media maqnatının rəhbərlik etdiyi media qurumu Tərtərə gəlib qohum əqrəbasındakı məclisə gedən toplu insanları çəkib guya onların öz torpaqlarını qoyub getdiyini iddia edirdi. Sübut etdik ki, belə deyil, bu media qurumu Rusiya ilə Azərbaycanın arasında nifaq salmaq üçün bu yola əl atıb. Görünən odur ki, erməni təbliğat maşını yalan xəbər yaymaqda davam edir. Bədxahlar sosial şəbəkələri yaxşı fürsət bilir, düşünürlər ki, nə qədər yalan xəbər yaysalar, sonda ona inanacaqlar. Hesab edirəm ki, yalan informasiyanın yayılması barədə insanlar daha çox məlumatlandırılmalıdır".
Aslan Aslanov qeyd edib ki, internet azad məkandır və burada qadağalar işə yaramır: "Axının qarşısına tam sədd çəkmək mümkünsüzdür. İnternet istifadəçilərinin yalan məlumatlara aldanmaması üçün məktəblər də daxil olmaqla müxtəlif seminarlar, forumlar təşkil olunmalıdır".