ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə
müşaviri Con Bolton Rusiyadan sonra Azərbaycana gəldi. Bu
Vaşinqtonun Azərbaycana verdiyi əhəmiyyətdən irəli gəlir. Con
Bolton Bakıda prezident İlham Əliyev, xarici işlər naziri Elmar
Məmmədyarov və SOCAR-ın rəhbəri Rövnəq Abdullayevlə görüşdü.
Sonuncu görüş də əlamətdardır. Bununla Vaşinqton göstərir ki,
Azərbaycanın iştirak etdiyi regional enerji layihələri dəstəkləyir.
ABŞ Avropanın Rusiyadan qaz asılılığını azaltmaq istəyir. Ona görə
də Vaşinqton Azərbaycan qazının Rusiyadan yan keçməklə Avropaya
çatdırılmasını dəstəkləyir.
Publika.az xəbər verir ki, bu barədə politoloq Elxan
Şahinoğlu deyib.
Onun sözlərinə görə, Vaşinqton Rusiya və İran arasında yerləşən
Azərbaycana dəstəyini artırmaq istəyir: “Birləşmiş Ştatlar Cənubi
Qafqazı özü üçün strateji baxımdan son dərəcə mühüm region hesab
edir” - bu Con Boltonun Bakıda dediyi fikirdir. ABŞ prezidentinin
milli təhlükəsizlik üzrə müşaviri bunun ardınca belə bir cümlə də
işlətdi: “Azərbaycan ABŞ üçün əhəmiyyətli ölkədir, çünki Rusiya və
İranla sərhədi olan yeganə ölkədir”. ABŞ-ın Rusiya və İranla
münasibətləri gərgindir. ABŞ hər iki ölkəyə qarşı sanksiya tətbiq
edir. Azərbaycan isə ABŞ-ın tərəfdaşıdır. Ona görə də Vaşinqton
Rusiya ilə İranın arasında olan Azərbaycana dəstəyini artırmaq
istəyir. Con Bolton Bakıda Rusiya və İran mövzusunu müzakirə edib.
Azərbaycanın Rusiyadan çoxlu miqdarda silah alması Vaşinqtonun
xoşuna gəlmir. Ancaq Azərbaycan öz təhlükəsizliyini
gücləndirməlidir. ABŞ Azərbaycana silah satmır. Belə olan halda
Azərbaycan bu silahı bölgənin əsas silah istehsalçısı olan
Rusiyadan almaq məcburiyyətindədir. ABŞ prezidenti bir çox dövlətlə
münasibətlərdə Amerikanın əldə etdiyi mənfəətə diqqət yetirir.
Azərbaycan ABŞ-dan silah almaq istəyərdi. Ancaq bunun üçün
Vaşinqton Azərbaycana silah almağa hazır olmalıdır və buna
Konqresin razılığı olmalıdır. Konqresdə isə erməni lobbisinin təsir
gücü böyükdür”.

E. Şahinoğlu hesab edir ki, Boltonun Bakıda müzakirə etdiyi ikinci
mövzu İran idi.
“Noyabrın 6-dan ABŞ-ın İrana qarşı növbəti sanksiyaları işə
düşəcək. ABŞ İranla əməkdaşlıq edən dövlət və şirkətlərə qarşı da
sanksiya tətbiq etməyi planlaşdırır. Ancaq bəzi istisnalar da var.
Azərbaycan da istisna haldır. Çünki, ABŞ Azərbaycanın enerji
layihələrini dəstəkləyir. Bu layihələrin bir qismində isə İran da
iştirak edir. Məsələn, “Şahdəniz” qazının çıxarılması və boru
xətləri ilə daşınması layihəsində İran şirkəti də iştirak edir. Bu
layihənin əsas sponsoru isə BP şirkətidir. Amerika İranın
“Şahdəniz” layihəsində iştirakına görə Azərbaycana və ya BP
şirkətinə qarşı sanksiya tətbiq etməyəcək. Bundan başqa Azərbaycan
İran ərazisində Rəşt-Astara dəmiryolunun tikintisinə 500 milyon
dollar kredit ayırıb. Bu layihə də Azərbaycan üçün vacibdir”, -
deyə o bildirib.
Politoloq qeyd edib ki, ABŞ bölgədə Azərbaycanın güclü dövlət
olmasını istəyir: “Vaşinqton eyni zamanda onu da istəyir ki,
Azərbaycana Rusiya və İrandan təhlükə olmasın. Bunun üçün də
Azərbaycan qonşu Rusiya və İranla əməkdaşlıq etməli, birgə
layihələri reallaşdırlmallıdır. Vaşinqton bu reallığı qəbul
etməlidir. Con Bolton Bakıda Dağlıq Qarabağ münaqişəsindən də
danışdı. Bolton dedi ki, ABŞ münaqişənin həllində maraqlıdır. Bunu
bütün amerikalı diplomatlar və rəsmilər bildirirlər. Ancaq bunun
ardınca Vaşinqton işğalçı dövlət olan Ermənistana təsir etmir. Bu
da bir başqa reallıqdır”.