"İnsanın həyatda öyrəşmədiyi nə var ki..."
Milli.Az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə primetime.az-a müsahibəsində deyib.
- Uzun olmasa da, müəyyən bir aradan sonra yenidən efirə qayıdırsan. Yeni verilişindən bir az məlumat ver.
- Tezliklə yeni layihəmiz olacaq. Dəb ilə bağlıdır. Verilişdən böyük ümidlərimiz var. 2 saatlıq olan veriliş, həftə sonları ATV telekanalında yayımlanacaq. Xanımların geyim, danışıq, ünsiyyət, mədəniyyət üzrə yarışı olacaq. Mən verilişdə aparıcı olacam, jüri kürsüsündə isə stilist Elnur Həsənov və modelyer Gülnarə Xəlilova olacaq. Layihə Türkiyənin "Rəng media" şirkəti tərəfindən təklif olunub. Bu onların sayca Azərbaycanda 3-cü verilişləridir. Belə ki, bundan əvvəl "Məni yarımdan soruş", "Bu stil mənim" kimi lisenziyalı verilişləri olub. Ola bilsin ki, Türkiyədən də qonağımız olsun. Xanımlara aid olan verilişdir deyə, mənə çox yaxındır. Proqram bu aylarda efirə çıxmalıdır. Əgər, hər şeyin yolunda getsə.
- Sonuncu dəfə "Qardaşlar" serialında rol almışdın. Aktrisalığa davam, yoxsa tamam?
- Bu il iki seriala çəkilmək təklifi gəlib. Biri ilə iş rejimim üst-üstə düşmədiyinə görə razı olmadım . Digəri haqda isə düşünürəm.
- Bilirik ki, məşhurların bişirmək yox, yeməklə arası yaxşıdır. Bəs sənin əlinin duzu var?
- Aram həmişə əla olub. Özümün rəsmi "YouTube" səhifəm var. Maraqlı yeməklərin reseptlərini paylaşıram. Eyni zamanda işlərimi, qızım ilə maraqlı anları da yerləşdirirəm . Əvvəl düşünürdüm ki, tez-tez videolar çəkəcəm. Mənə çətin olmaz. İndi isə iş sıxlığından alınmır.
- Bəs, pul qazana bilirsən?
- Azərbaycanda belədir ki, "YouTube" səhifəsi ilə də dünyaya çıxışımız müəyyən çərçivələlərdədir. Mənə dedilər ki, əgər mən əcnəbi bir ölkədən səhifə açsaydım , sizin baxış saylarınız daha çox olardı. Nəinki Azərbaycan, bir də dil çox önəmlidir. Məsələn, ingilis dilini dünyanın 80%-i işlədir. Amma Azərbaycan dilini Türkiyədə belə çətinliklə başa düşürlər. Ona görə biz onlarla rəqabətə girə bilmərik.
- Tez-tez qızın Diləklə paylaşım edirsən. Qorxmursan ki, göz dəyər?
- O, mənim xoşbəxt tərəfimdir. Düzdür, milçək bir şey deyil, amma ürək bulandırır. Kimsə qurdunu tökmək istəyir. Eləsi də var ki, elə bil məndə acığı qalıb. Əslində isə heç kimə, heç bir şey etməmişəm. Bir də görürsən ki, hər hansı bir xanım zəhərli, tikanlı söz yazır. Öz-özümə deyirəm ki, axı mən sənə nə etmişəm.
- Bəs belə hadisələrlə üzləşəndə reaksiyan nə olur?
- Əvvəl çox əsəbləşirdim. Reaksiyamı çox şərt bir şəkildə bildirirdim. Hər şey insan həyatının mərhələsi ilə bağlıdır. Belə ki, həmin an o gərginliyi, stresi yaşayırsan. Səni incidirlər , sən isə acığını hər bir kəsdə görürsən. Hər şeyi ürəyinə salırsan. Son iki ildə o qədər sakitləşmişəm. İndi hər bir şeyə adi baxıram. Vaxt-zaman ən gözəl dərmandır. Bəzi yaşlı şou-biznes əhli var ki, cavanlar ilə söz güləşdirirlər ki, ancaq bundan yazsınlar. Bizim gənclər də boş-boş adama cavab verirlər. Mən mənim çəkimdə, səviyyəmdə olmasa, ona sözümü dava demərəm. Bu günə kimi isə elə bir qalmaqalım da olmayıb.
- Dilək bu il birinci sinifə gedir. Məktəb ilə arası necədir?
- Dilək məktəbdən əvvəl iki il bağçaya gedib. Həmişə də evdən çıxanda pozitiv olub. Həmişə də sevinirdim ki, mənə bənzəyib, ağlayıb eləmir. Məktəb günü isə ağlamağa başladı. İnana bilmədim. Orada ağlayan uşaqların təsirinə düşdü. Əsas problemimiz səhər tezdən oyanmaqdır. Onu da yavaş-yavaş qaydasına qoyuruq. Hər səhər yuxudan duranda deyir ki, bu gün istirahət günü deyil. İnsanın həyatda öyrəşmədiyi nə var ki.
Milli.Az