"Ermənistanın baş naziri Nikol Paşinyanın istefası
taktiki xarakter daşıyır. Paşinyan erkən parlament seçkisini
dekabrın əvvəlində keçirmək istəyir. Ancaq bunun üçün
Konstitusiyaya görə birincisi baş nazir istefa verməlidir, ikincisi
parlament 14 gün ərzində yeni baş nazir seçməməlidir. Bu zaman
seçki qanununa görə parlament avtomatik yeni parlament seçkisi
təyin etməlidir”.
Publika.az xəbər verir ki, bu barədə politoloq Elxan
Şahinoğlu deyib.

Onun sözlərinə görə, Nikol Paşinyanın 14 günlə bağlı qəti təminatı
olmasaydı istefa verməzdi: “Parlamentdəki partiyalar Paşinyanın
yerinə başqasını baş nazir seçməyə risk etməyəcəklər. Çünki əks
halda Paşinyan tərəfdarlarını küçəyə tökəcək. Ermənistan parlamenti
və əksər partiyalar Paşinyanın gəlişindən sonra küçədən qorxur.
Beləliklə, Paşinyanın 5 aylıq hakimiyyətinə ara verildi. Paşinyan
küçədən qazandığı reytinqi hələ itirməyib, elə ona görə parlament
seçkilərini tez keçirməyə çalışır. Korrupsiya ilə mübarizə ona xal
qazandırdı. İqtisadi islahat və xarici siyasətdə isə öyünüləsi
uğuru yoxdur. Tam əksinə, Rusiya ilə münasibətlərdə inamsızlıq
yaranıb, Qərbdən gözlədiyi siyasi və maliyyə dəstəyini isə əldə edə
bilmədi. Ermənistanda ay yarım maraqlı proseslər cərəyan edəcək.
Yenilər köhnələri, o cümlədən “Qarabağ klanını” həm hakimiyyətdən,
həm də müxalifətdən uzaqlaşdırmağa çalışacaq. Paşinyan birincini
həll edib, indi ikincini reallaşdırmalıdır. Bunun Dağlıq Qarabağ
münaqişəsinin həllinə nə kimi təsiri olacağı sualına isə gələn ilin
əvvəlindən aydınlıq gəlməyə başlayacaq”.