"On beş illik prezidentlik müddətində cənab Prezident İlham Əliyevin ən böyük nailiyyəti ondan ibarət oldu ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs və strategiya saxlanıldı, görülən bütün işlər bu kurs və strategiyanın üzərində quruldu. Bu, çox mühüm idi. Bu, İlham Əliyevin Azərbaycan xalqına xidmətlərindən biri və başlanğıcı oldu".

Publika.az-a açıqlamasında bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən keçən 15 illik dövrü şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan 15 il ərzində həm siyasi, həm iqtisadi, həm də mədəni və hərbi mənada çox böyük inkişaf mərhələsi keçib:

“Bu illər ərzində Azərbaycanın siyasi və diplomatik fəaliyyətini bir cümlə ilə ifadə etsək, deyə bilərik ki, Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu, Azərbaycanın dünyada artan siyasi nüfuzunun göstəricisi idi. İqtisadi sahədəki nailiyyətlərimiz unikal bir siyasi modelin formalaşmasını ortaya qoydu və Azərbaycan iqtisadiyyatı son 15 ildə 3 dəfədən çox artdı. Ölkəyə 230 milyard dollardan çox investisiya yatırıldı. Azərbaycan böyük qlobal və transmilli layihələrin müəllifi oldu. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP və TAP layihələri bu qəbildəndir. Regionlarda çox böyük işlər həyata keçirildi. Cənab Prezidentimizin birbaşa göstərişi və müəllifliyi ilə regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları qəbul olundu. Dövlət proqramlarının icrası nəticəsində ölkədə 3200-dən çox məktəb tikildi, 650-dən çox xəstəxana tikildi və bərpa olundu, 12 min kilometr yol çəkildi. Ölkə artıq 95 faizə qədər qazlaşdırılıb. Ölkənin valyuta ehtiyatları xarici borcdan dəfələrlə çoxdur. Qeyri-neft sektorunun ümumi daxili məhsulun 80-85 faizinə yaxınlaşır”.

Ölkəmizin beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrildiyini deyən millət vəkili Azərbaycanın Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula I kimi beynəlxalq idman yarışları, böyük forum və konfranslara ev sahibliyi etdiyini vurğulayıb.

A.Hüseynov ölkənin müdafiə qüdrətinin dəfələrlə artdığını bildirib. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu arasında olduğunu deyən millət vəkili söyləyib ki, 2016-cı il aprel döyüşlərində, bu il isə Naxçıvan istiqamətində gedən döyüşlərdə ordumuzun gücü nümayiş olundu:

“Ən başlıcası, bu gün Azərbaycanda vətəndaşlarla iqtidar arasında çox möhkəm və səmimi birlik yaranıb. Bu gün Azərbaycan xalqı öz iqtidarına, Prezidentinə arxalanır, bütün problemlər bir-birinə hörmət və qarşılıqlı etimad əsasında birgə həll olunur. Ölkədə sabitlik təmin olunub. Azərbaycan dövlətçiliyi və milli maraqlar Azərbaycan Prezidenti tərəfindən ən yüksək səviyyədə təmsil olunur. İki milyon iş yeri açılıb. İşsizliyin səviyyəsi 50 faizdən 5 faizə düşüb. Əlbəttə ki, bütün bu naliyyətlərin təməlində Prezidentimizin apardığı siyasət dayanır”.

Ömər