Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisinin müavini Corc Kenti qəbul edib.
Azərbaycan XİN-dən Publika.az-a verilən
məlumata görə, C. Kent Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən qəbul olunduğunu məmnunluqla qeyd etdi.
Görüşdə ikitərəfli əməkdaşlıq gündəliyinin siyasi, iqtisadi,
enerji, nəqliyyat və digər sahələrində uğurlu inkişafından
məmnunluq ifadəedildi və ikitərəfli münasibətlərin daha da
dərinləşdirilməsi üçün səylərin artırılmasının vacibliyi
vurğulandı.
Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə
həyata keçirilən mühüm enerji və nəqliyyat layihələri, xüsusilə
Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənub Qaz dəhlizi
layihələrindən bəhs etdi və bu layihələrin reallaşdırılmasında
ABŞ-ın dəstəyinintəqdir olunduğunu qeyd etdi.
Nazir Elmar Məmmədyarov, həmçinin Azərbaycanın NATO ilə
tərəfdaşlığına toxunaraq ölkəmizin Əfqanıstanda beynəlxalq
sülhməramlı əməliyyatların dəstəklənməsi işinə sadiq olduğunu
bildirdi.
Corc Kent qeyd etdi ki, ABŞ energetika, təhlükəsizlik, iqtisadi və
digər sahələrdə Azərbaycanla ikitərəfli münasibətləri davamlı
şəkildə inkişaf etdirir. O, ölkəmizin terrorizmə qarşı mübarizə
çərçivəsində Əfqanıstandakı sülhməramlı əməliyyatlara verdiyi
töhfəsinin yüksəkqiymətləndirdiyini xüsusilə qeyd etdi.
Nazir Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son
vəziyyəti və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə
Nyu Yorkda Ermənistan xarici işlər naziri ilə keçirdiyi görüş
barədə danışaraq vurğuladı ki, güc tətbiq edərək dövlətlərin
beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdləri
qəbuledilməzdir. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.