“Bu ilin 9 ayında ölkə iqtisadiyyatı dinamik, dayanıqlı inkişaf edib, bütün makroiqtisadi göstəricilərdə müsbət meyillər müşahidə edilir”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin çıxışına münasibət bildirərkən deyib.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin dünənki çıxışından bir daha ölkəmizdə düzgün strategiya üzrə iqtisadi siyasət həyata keçirildiyinə əmin olduq:

“Ümumidaxili məhsulun 0.8 faiz artması, ölkənin bütün istiqamətlərdəki naliyyətləri iqtisadiyyatının inkişafını səciyyələndirir. Dünən Prezidentin çıxışından bir daha məlum oldu ki, vergi, gömrük sistemindəki islahatlar öz bəhrəsini verməkdədir. Şəffaflığın təmin olunması, eləcə də digər neqativ halların aradan qaldırılması istiqamətində çox böyük işlər görülüb. Bunun da nəticəsində dövlət büdcəsinin gəlirinin 100.2 faiz artması, gömrük xətti ilə 8 milyon vəsaitin büdcəyə daxil olması bu sahədə, həqiqətən də, böyük işlərin həyata keçirildiyini deməyə əsas verir. Prezidentin qarşıya qoyduğu ən böyük tapşırıqlardan biri də bu sahədəki idarəçiliyin, eləcə də bütün parametr və keyfiyyətlərin Avropanın ən inkişaf etmiş ölkələri ilə bir səviyyədə olmasıdır”.

A.Hüseynovun sözlərinə görə, ölkənin başlıca strategiyasından biri də qeyri-neft sektorunun inkişaf etdirilməsidir:

“Qeyri-neft sektorundan əldə olunan gəlirlər 10.8 faiz artıb, kənd təsərrüfatı, turizm sektoru yüksək səviyyədə inkişaf edib, informasiya kommunikasiya sahəsindən böyük naliyyətlər qazanılıb. Artıq Azərbaycanın üçüncü peyki orbitə buraxılıb. Yaxın gələcəkdə ölkəmiz böyük logistika mərkəzinə çevriləcək. Şimal-cənub, şərq-qərb istiqamətində yüklərin daşınmasında Azərbaycan önəmli yerlərdən birini tutur və şimal-cənub istiqamətində daşınan yüklər 100 dəfədən çox artıb. Bu kimi sahələrin inkişafı Azərbaycanın gələcəkdə daha böyük nailiyyətlər əldə edəcəyinə əminlik yaradır. Bu ilin 9 ayı ərzində 85 min iş yerinin açılması uğurların davamlı olacağına bariz nümunədir”.