Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək. Nikol Paşinyan və Qaqik Sarukyan arasında dekabrda erkən parlament seçkilərinin keçirilməsi haqqında memorandum imzalanıb. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Rusiya və Cənubi Qafqaz ölkələrinə səfər edəcək. Rusiyanın Suriyaya verdiyi S-300 hava hücumundan müdafiə sistemləri İsrail və ABŞ-da təşvişə səbəb olub. Ukraynanın Çerniqov vilayətində silah-sursat anbarında partlayış baş verib.
Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlətimizin başçısı iclası giriş nitqi ilə açıb.
Sonra vergilər naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov çıxış ediblər.
Azərbaycan Prezidenti iclasda yekun nitqi söyləyib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 10-da Goranboy rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçirəcəklər.
Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi parlamentdə böyüklüyünə görə ikinci fraksiya olan "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyanla dekabrda erkən parlament seçkilərinin keçirilməsi haqqında memorandum imzalayıb. Baş nazir bu barədə öz "Facebook" səhifəsində yazıb.
"Yenicə "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Sarukyanla 2018-ci ilin dekabrında növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə memorandum imzaladım", - deyə o yazıb.
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Rusiya və Cənubi Qafqaz ölkələrinə səfər edəcək. Boltonun region ölkələrindən Ermənistana gəlişi Paşinyan hakimiyyətini cəzalandırmaq məqsədi daşıdığı deyilir.
Bu barədə yazan erməni şərhçi Sərkis Artsruni Boltonun gəlişinin təsadüfi olmadığını hesab edir.