Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın Yuta ştatında keçirilən beynəlxalq simpozium çərçivəsində ABŞ Dövlət Departamentinin xüsusi tapşırıqlar üzrə səfiri (beynəlxalq dini azadlıqlar) Səm Braunbək ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə baş konsul
N.Ağayev Azərbaycanın qədim tolerantlıq və multikulturalizm
ənənələri haqqında ətraflı məlumat verərək, ölkəmizdə dini və milli
mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqlara malik
olduğunu və sülh şəraitində dinc yanaşı yaşadığını, insanların öz
etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata
keçirdiklərini vurğulayıb. N.Ağayev, bu gün Azərbaycanda
multikulturalizm və dinlərarası harmoniyanın dövlət siyasəti
səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb. Sonra tərəflər bu və
digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi
aparıblar.
Qeyd olunmalıdır ki, Səm Braunbək (Sam Brownback) 1996-2011-ci
illərdə ABŞ senatoru, 2011-2018-ci illərdə isə ABŞ-ın Kanzas
ştatının qubernatoru vəzifələrində çalışıb. O, 2018-ci ilin
fevralında ABŞ Prezidenti D.Tramp tərəfindən Dövlət Departamentinin
xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsinə təyin olunub.