Bu gün Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyi başlayıb.

Metbuat.az xəbər verir ki, idmanın bu növünün ölkəmizdə qısa inkişaf yolu keçməsinə baxmayaraq, artıq ikinci dəfədir ki, çempionat açıq elan olunub və Beynəlxalq Gimnastika Federasiyası tərəfindən beynəlxalq yarış kimi təsdiqlənib. Bu da o deməkdir ki, medallar uğrunda gedən mübarizədə yerli gimnastlarımız meydançanı xarici gimnastlarla da bölüşəcəklər. Ötən il olduğu kimi bu il də Bolqarıstan və Rusiyadan, həmçinin ilk dəfə olaraq, Ukrayna və Qazaxıstandan gimnastların qatıldığı turnir artıq rəqabətin yüksək olacağını vəd edir.

İki gün davam edəcək yarışda 200-ə yaxın gimnast iştirak edir.“Ocaq Sport” və “AyUlduz” klublarının təmsilçiləri, o cümlədən qonaq gimnastlar 7-8, 9-11, 12-14, 15-17, 18 və daha böyük yaş kateqoriyasında yer alaraq, fərdi qadın, fərdi kişi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.