Əməkdar artist Kəmalə Müzəffəri "Vicdan haqqı" serialından getmə səbəbini unudub.

Milli.Az xəbər verir ki, tanınmış aktrisa bu barədə qafqazinfo-ya açıqlamasında bildirib. 

O, ilk dəfə bir layihəni yarımçıq qoyduğunu qeyd edib: "İnanın, səmimi deyirəm. "Vicdan haqqı"ndan getmə səbəbimi unutmuşam. Gərək beynimin alt qatlarını oyadım ki, niyə serialdan getdiyimi xatırlayım. 18 yaşımdan çəkiliş meydançalarında olmuşam. İndiyədək heç bir işi yarımçıq qoymamışam, "Vicdan haqqı"nda bir ilk oldu".

Əməkdar artist serialda onu əvəzləyərək "Dilarə" obrazını canlandıran Aygün Zeynalovanın rolunu şərh etmək istəməyib: "Desəm ki, baxmamışam, bu, yalan olar. Əlbəttə, izləmişəm. Onun roluna qiymət verə bilmərəm. Bu anda sussam yaxşıdır". 

Bundan əlavə, aktrisa bildirib ki, həyatında ilk dəfə komediya janrlı seriala çəkilir: "Xəzər TV-də yayımlanacaq komediya janrında olan bir layihədə rol alacam. İlk dəfə komediya janrında bir seriala çəkilirəm. Əməkdar artist Dilarə Əliyeva dəvət etdi, mən də qəbul etdim. Risk etməyi sevmirəm, amma bu dəfə düşündüm ki, fərqli bir serialda rol alım". 

Milli.Az