“Verilişə bir neçə meyxanaçı gəlməli idi, lakin gəlib gördüm ki, çoxu gəlməyib. Daha sonra bizə danışmağa imkan vermədilər, dərhal meyxana deməyimizi istədilər. Qafiyələri yazıb qutuya atıblar. Elə bil ki, yarış keçirirlər. Bu, mənə lazım deyil. Üstəlik gördüm ki, qafiyəni Elza Seyidcahan yazıb. Elza müğənnidirsə, getsin müğənniliyin etsin. Meyxana üçün qafiyə yazmasın. Bir meyxanaçı kimi bunu qəbul etmirəm. Onun yazdığı qafiyəyə bir neçə meyxana dedim. Lakin sonra hirsləndiyim üçün verilişi tərk edib, evə gəldim”.

Publika.az xəbər verir ki, bu sözləri “Şou ATV” proqramını yarımçıq təkr edən meyxanaçı Aydın Xırdalanlı verdiyi açıqlamasında deyib. Verilişin aparıcısı Nanə Ağamalıyeva A.Xırdalanlının reklam fasiləsindən sonra efirə çıxmamasını qəfildən halının pisləşməsi ilə izah edib. Məlum olub ki, meyxanaçının verilişdən getməsinin səbəbi başqadır. Aydın Xırdalanlı məsələni belə izah edib:

“Səhhətimdə heç bir problem yoxdur, toylara, məclislərə də gedirəm. ATV kanalı başqa bəhanə tapa bilməyib, verilişi yarımçıq tərk etməyimi səhhətimlə əlaqələndirib. Başqa səbəb tapa bilmirdiniz? Gərək aləmi bir-birinə vurardınız? Deyin görək hansı verilişə çıxım? Normal səviyyəli veriliş var ki? Adamı ələ salırlar... Məni ələ salmağa çağırmışdılar? Odur ki, verilişlərdən imtina etmişəm".

Aydın Xırdalanlı Vüqar Əbdülovun həmkarları Pərviz Bülbüləni və Namiq Qaraçuxurlunu meyxana sənətinə laqeyd yanaşması haqqında bunları deyib:

“Yəqin ki, onlar haqqında mən çıxandan sonra danışmağa başlayıb. Onun özü də musiqili meyxana deyir də. Özü də oxuyur da”.

Qeyd edək ki, Aydın Xırdalanlı qaraciyər sirrozundan əziyyət çəkir.