Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə
mübarizə komitəsinin üzvü Zahid Oruc Rusiya prezidenti Vladimir
Putinin Bakı səfərini və regionda baş verən prosesləri şərh
edib.
Publika.az xəbər verir ki, Milli Məclisin deputatı Putinin
Bakı səfəri fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın yeni
himayədarlar axtarışına çıxdığına diqqət çəkib.
“İdmanda hamının qəbul etdiyi məşhur bir prinsip var. Deyirlər ki,
rəqib sən yol verdiyin qədər oynayır. Gerçəkdən də belədir.
Tatamidə, rinqdə, yaxud yaşıl meydanlarda gedən amansız mübarizənin
məntiqi əslində bundan ibarətdir. Siyasətdə və xüsusilə dövlət
maraqlarının gerçəkləşdirilməsi üçün prezidentlərin, hökumətlərin
ələ aldıqları strategiyaların da baş məqsədi savaş apardığı tərəfin
müttəfiqlərini azaltmağa, onun xarici iqtisadi və hərbi əlaqələrini
zəiflətməyə, bir sözlə silahlı savaşı bir ayrı vasitələrlə aparmağa
yönəlir. Rusiya prezidenti Vladimir Putinin Bakıya gerçəkləşən
hazırkı səfərini 90-cı illərdən bu yana böyük transformasiyaya
uğramış Moskva-Bakı münasibətləri tarixində çox mühüm hadisə
adlandırsaq, eləcə də Qafqazlarda yenidən formalaşan geopolitik
arxitekturanın əsas oxunu müəyyənləşdirməkdən və Azərbaycanı
vazkeçilməz siyasi aktor kimi tanımaqdan ibarət olduğunu söyləsək,
yanılmarıq. Daha böyük müstəvidən baxanda, Qərblə böyük savaşın
içərisində olan, Suriyada aktiv hərbi əməliyyatlar aparan və
Ukraynadan fasiləsiz qaynar raportlar qəbul edən bir dövlətin
lideri xarici siyasət qrafikində bir Qafqaz ölkəsinə təsadüfi yer
ayıra bilməz”, - deyə o bildirib.

Z. Oruc qeyd edib ki, artıq iki dövlət başçısının bu ay içərisində
görüşlərinin ikinci dəfə keçirilməsinin şahidiyik və Soçidə
Putin-Əliyev arasındakı yüksək səviyyəli danışıqlar bölgəsəl
informasiya məkanında bir gün də olsun gündəlikdən düşmədi və hələ
də təkcə ekspertlər, politoloqlar tərəfindən deyil, eləcə də dövlət
rəsmiləri səviyyəsində onun ətrafında təhlillər səngimir: “Bəli,
Azərbaycan fəal xarici siyasəti hesabına müxtəlif paytaxtlar və
qitələr üçün cazibədar partnyor halına gəlib. Diqqətlə baxdıqda
İran, Türkiyə və Rusiya haqda eyni fikirləri söyləmək mümkün deyil.
Qlobal çarpışma və sanksiyalar müharibəsinin hədəfləri indi
sözügedən 3 dövlətdir. Burada kiçik qonşularımızın adını çəkməyimə
belə ehtiyac qalmır. Gürcüstan NATO ilə izdivacını başa
çatıracağını elan etməklə Tehran və Moskvadan özünə son hökmləri
qazanıb. Ermənistan isə indi inqilabı BMT tribunalarına daşımaqla
onu əsil siyasi və maliyyə kapitalına döndərməyə çalışır. Özü də
təkcə bumu? Xeyr, üstəlik Paşinyan öz personasını gah Saakaşviliyə,
gah da son çıxışında kəşf etdiyi Nelson Mandelaya bənzətməklə
əsrlər boyu Rusiya dövlətçiliyi üçün çətin anlarda onları atıb
gedən və yeni himayədarlar tapan xələflərinin rollarını
təkrarlamağa çalışır. Halbuki dövlət siyasəti və xəyalpərəstlik
antoqonist terminlərdir. Belə olan şəraitdə Prezident Əliyev çox
peşəkarlıqla uzun on illər can atdığı hədəfə doğru irəliləməkdə
davam edir. Putinin Bakıya gəldiyi 27 sentyabr günlərində Bakıda
böyük “ADEX-2018 Müdafiə sərgisi” keçirilir və dünyanın müxtəlif
şirkətləri, hətta yerləşdiyimiz regiona tabu qoyan Fransa
kompaniyaları da ən müasir texnologiyaları götürüb qədim bir Şərq
ölkəsinə can atır. 90-cı illərdə bunu ağıla gətirmək belə,
mümkünsüz idi. Söhbət heç puldan getmir. Dünən TASS agentliyi
tərəfindən yayılan məlumatı təhlil edənlər yaxşı görür ki, sərgiyə
qatılan dövlətlərin təmsilçiləri, hansı ki, onların bir çoxu
beynəlxalq məkanda hərbi və yaxud siyasi baxımından düşməndirlər,
burada çox rahatlıqla, necə deyərlər, dinc bir şəkildə məhsullarını
təqdim edirlər. Şübhə yoxdur ki, həmin texnika və silahlar sabah
döyüş meydanlarında üz-üzə gələcək. Lakin indi heç kəs Azərbaycanın
hərbi embarqodan necə xilas olduğunu inkar edə bilmir, üstəlik,
Rusiya özü burada fəal şəkildə balansın kəskin dəyişilməsində aktiv
iştirak edir”.
Milli Məclisin üzvü Rusiya və Azərbaycan arasında hərbi əməkdaşlığa
diqqət çəkib: “Diqqətlə baxanda görünür ki, Kremlin starteqləri
2005-ci ilə qədər tətbiq etdikləri anti-Bakı sanksiyalarından vaz
keçərək əvvəlcə ağır texnikanın satışına qərar veriblər. Burada
100-dən çox T-72B tankı və 70-dən artıq BTR-80A, müxtəlif kalibrli
qaubitsalar və tank əleyhinə komplekslər, məsələn, Kornet-E
sistemləri yer tutubsa, 2010-cu ildən başlayaraq ən qorxulu S-300
zenit raket qurğuları, o cümlədən, 18 ədəd qorxusaçan Smerç
raketləri, dağıdıcılıq gücünə görə ondan daha irəli gedən TOS-1A
Solntsepekdən 24 ədəd, eləcə də onlarla qırıcı təyyarlər və Mİ-17
hərbi vertolyotları alınıb. Xüsusilə də son 8 ildə müasir İqla
raketləri, Xrizantema-S tank əleyhinə raket sistemləri ilə paralel
şəkildə son hərbi naliyyətlərin nəticəsi olan T-90S tankından 100
ədəd, BMP-3 dən 118 ədəd və onlarla digər çeşiddə texnikalar
Azərbaycana daxil olub. Bütün bunlar sübut edir ki, Ermənistanla
müttəfiqlik 30 il, yaxud bir əsr əvvəlki tarixlə müqayisədə qat-qat
zəifləyib və indi Paşinyan hökumətinin sözçüsü bir, Putinin
köməkçisi Uşakovun isə ayrı söz dediyi reallıqda Kreml regionda
kəskin dəyişiklik etməyə hazır görünür. İrəvanda Rusiya
prezidentini gözlədiklərini dilə gətirirlər, hətta konkret tarix
söylənilirdi, amma çekistlər çox yaxşı bilir ki, küçədə formalaşan
inqilabi hökumət özünü beynəlxalq bazarda satışa çıxarıb. Paşinyana
pul lazımdır. Xalqı Sarkisyan-Koçaryan iqtidarına qarşı nifrət
ideolojisi ilə maksimum 6 ay saxlaya bilərsən. Bir azdan hər kəs
dünən meydanlarda vəd olunan cənnəti səndən tələb edəcək. Büdcədə
isə vəsait kəskin arta bilməz. İqtisadiyyatda köklü inkişaf
inqilabın sürəti ilə tərs mütənasibdir və iri burjuaların hamısını
türməyə salıb onları yağmaladıqca kütlənin sevinci ilə yanaşı əsil
vətəndaş toqquşması ilə üz-üzə qalacaqsan”.
Z.Orud vurğulayıb ki, Putin Bakının bütün addımları fonunda özünün
manevr müstəvisini geniş saxladığın yaxşı görür: “Qəbələ RLS
bağlanıb, iki ölkə arasında tarixi sərhəd xətləri razılaşdırılıb, o
biri yandan Azərbaycandan 700-ə qədər Rusiya mənşəli
iqtisadi-ticarət qurumuna yaşıl işıq yandırmasına rəğmən özünün
suverenliyindən qətiyyən vaz keçmir. O üzdən yenidən informasiya
kanallarında aparılan Rusiya ordularının gəlişi əleyhinə kampaniya
Qərbə xoş gəlmək yarışı olsa da Tramp indi özünün ən yaxşı komanda
üzvlərini həbsdən qorumağın hayındadır. Rusiya Azərbaycandan özünə
təhlükə gözləmir. O üzdən 15 sentyabrda Türk ordu birləşmələrinin,
İsrail silahlarının müşaiyəti ilə keçirilən və bir əsr əvvəlki
bolşevik-daşnak birləşmələrindən Bakının azad olunması şüarı
altında mahiyyətcə Qarabağın işğaldan təmizlənməsini hədəf seçən
hərbi paraddan hər hansı əndişə duymur. O biri yandan Ankar-Moskva
müttəfiqliyi son 600 ildə heç vaxt indiki səviyyəyə çatmayıb. Belə
bir düzəndə cənab Əliyev Putini öz ölkəsində salamlayır və regionun
gələcəyi ilə bağlı iki güclü liderin qərarları bağı qapılar
arxasında müzakirə edilir. Açıq deyilməlidir ki, cəmiyyətlərin
böyük gözləntilərini adi gözlə də görmək mümkündür. Rus ordusunun
imicini Qafqazda ədalət üzərində təzələmək həyati bir zərurətə
çevrilib və Azərbaycan əsgərinin Putinin maraqları naminə şəhid
olacağı iddialarını dillərinə götürən siyasətxorlar erməni
mətbəxinin zəhərli xörəkləri ilə qidalanırlar. Ermənistanı regional
orbitə qaytarmaq üçün Azərbaycan ordusunun dəyənək obrazına hər iki
paytaxtın-Moskva və Bakının ehtiyacı yoxdur. Ona görə ki, Gümrü
hərbi bazası və erməni sərhədlərini qoruyan rus hərbi birləşmələri
istənilən vaxt Paşinyanı göylərdən yerə endirə bilər. 1999-cu ildə
Vazgen Sarkisyanı və Karen Dəmirçiyanı parlamentdə məhv edərkən
Kreml bir əsrlik tarixdə ona xəyanəti necə cəzlandırdığını
dindaşlarına yaxşı nümayiş etdirib. Paşinyan Qərblə siyasi və
maliyyə ittifaqı qurub, gəlib ruslarla hərbi ittifaq bağlayıb özünü
Nelson Mandela kimi aparması siyasi Don Kixotluqdan başqa bir şey
deyil. Tarix dövlət siyasətini qurmaq üçün hər zaman vasitə ola
bilməz. İki əsrlik keçmişin bütün acı təcrübəsinə rəğmən rus və
azərbaycanlı əsgərlər Hitlerizmə qarşı səngərdə beş il çiyin-çiyinə
söykənərək vahid taleni bölüşüblər. İndi Qarabağda lövbər salan
qüvvələr Paşinyanın əl atdığı ucuz tryüklə-ayı balasını
salamlamaqla Rusiyanın yardımına bel bağlaya bilməz. Çünki qəlbi
Amerikanın, ətəyi Avropanın yanında olan bir dövlətin arxasını
Qarabağda rus əsgəri qoruyası deyil. Ermənistan Rusiyanın
forpostluğundan çıxan kimi Azərbaycan əsgəri döyüş əmrini alacaq!
Güclü liderlər və sərkərdələr müharibəni əvvəlcə siyasi-diplomatik
cəbhədə qazanır, sonra silahlı meydana atılır. İlham Əliyev on
illər ərzində apardığı transmilli iqtisadi-enerji savaşını gerçək
hərbi eskalasiyaya çevirməyə hazırdır! Azərbaycan Ordusunun
qələbəsi tarixdə ilk dəfədir, nə Moskvanın, nə Tehranın, nə də
Qərbin məğlubiyyəti olacaq!”.
Asif