Soçidə GİZLİ QARABAĞ SAZİŞİ, 20 illik müharibəyə HAZIRLIQ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Paylaş
23 Sentyabr 2018, 03:28·1 baxış·14 dəq oxu
ABŞ Prezidenti Donald Tramp qarşıdakı aylarda Dağlıq
Qarabağ münaqişəsinin həlli üçün imkanlar açılacağını bildirib. ABŞ
Dövlət katibi Maykl Pompeo tərəfləri tezliklə intensiv danışıqları
bərpa etməyə çağırıb. Azərbaycan XİN Ermənistanın baş naziri Nikol
Paşinyanın işğal altındakı Dağlıq Qarabağa gəlişi və aqressiv
bəyanatlar verməsini şərh edib. KTMT Ermənistan-Azərbaycan
sərhədində baş verən toqquşmaya münasibət bildirib. Aralıq dənizi
üzərində Rusiyanlın hərbi təyyarəsi vurulub. Rusiya və Türkiyənin
hərbi rəsmiləri İdlibdə silahsız bölgənin sərhədləri ilə bağlı son
razılığa gəliblər. İranda hərbi parad zamanı terror aktı törədilib.
ABŞ Rusiyadan “S-400” zenit-raket komplekslərini alan Çinə
sanksiyalar tətbiq edib. Kiyev Azov dənizi üzrə məxfi planının
olduğunu açıqlayıb.
Azərbaycan, Dağlıq Qarabağ
Ərdoğan Putinlə İdliblə bağlı razılaşdı, əvəzində
Bakı və Ankara Moskvadan Dağlıq Qarabağı
alacaq. Bu iddia ilə Ermənistanın “lragir” saytı
çıxış edib.
Sayt yazır ki, Rusiya Türkiyəyə hədiyyə verəcək.
“Bu hədiyyənin nə olduğu Rusiya-Ermənistan münasibətlərinin
gərginliyi fonunda aydın olur. Bakı və Ankara Moskvanı Qarabağın
qaytarılması məsələsinə razı salıblar. Ermənistan üçün Rusiyasız
Türkiyə və Azərbaycanla mübarizə aparmaq çətin olacaq”, - deyə sayt
yazıb.
Dağlıq Qarabağ münaqişəsi güc tətbiq olunmadan həll
edilməlidir. Bunu Trend-in Ermənistan parlamentinin
“Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana
şərti müharibə elan etməsi qərarının münaqişənin həlli prosesinə
təsiri barədə sorğusuna cavab olaraq Rusiya Xarici İşlər
Nazirliyindən (XİN) bildiriblər.
XİN-dən deyiblər: “Biz dəfələrlə vurğulamışıq ki, Dağlıq Qarabağ
münaqişəsi güc tətbiq olunmadan, yalnız sülh yolu ilə həll
edilməlidir. Bununla əlaqədar olaraq tərəflərin diqqətini 2017-ci
ilin oktyabrında Cenevrədə əldə olunmuş razılığa əsaslanan
danışıqlar prosesinin fəallaşdırılmasına yönəltməsini daha aktual
hesab edirik”.
Qeyd edək ki, Ermənistan parlamenti “Şant-2018” komanda-qərargah
təlimləri çərçivəsində Azərbaycana şərti müharibə elan etmişdi.
Müvafiq məlumat parlamentin saytında yerləşdirilmişdi.
“Ermənistan dərhal işğal altındakı rayonların beşini
Azərbaycana qaytarmalıdır. Bu kiminsə xoşuna gəlməyə bilər, lakin
vəziyyət belədir”. Bu barədə “Milli müdafiə” nəşrinin
baş redaktoru, Dünya Silah Ticarətinin Analiz Mərkəzinin rəhbəri,
rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
Onun sözlərinə görə, Qarabağla yanaşı, ətrafındakı rayonlar da
işğal altındadır: “Ermənilər bu əraziləri “təhlükəsizlik zonası”
adlandırır. Bu faktı dəyişdirməyə heç kimin gücü çatmaz. Bu,
Ermənistanın işğal etdiyi Azərbaycan ərazisidir”.
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində
təmas xəttində gələn Ermənistanın baş naziri Nikol Paşinyan
müharibəyə hazır olduqlarını bildirib. Paşinyan
cəbhədə vəziyyətə nəzarət etdiklərini iddia edib.
“Bizim ordumuz vəziyyətə nəzarət edir, lakin bu, bizim müharibə
istədiyimiz demək deyil. Biz sülhə hazırıq, həmçinin, müharibəyə də
hazırıq”, - deyə Paşinyan bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş
naziri Nikol Paşinyanın işğal altındakı Dağlıq Qarabağa gəlişi və
aqressiv bəyanatlar verməsini şərh edib.
“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda
BMT Baş Assambleyası çərçivəsində nəzərdə tutulan görüşü ərəfəsində
Ermənistan rəhbərliyi tərəfindən Azərbaycanın işğal olunmuş
ərazilərinə belə bir təxribatçı səfərin edilməsi və səfər zamanı
aqressiv bəyanatların səsləndirilməsi Ermənistan tərəfinin qəsdən
vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisidir. ATƏT-in Minsk
Qrupunun həmsədrlərini işğalçı Ermənistanı danışıqlar prosesinə
xələl yetirən bu kimi təxribatçı addımlardan və bəyanatlardan
çəkindirmək istiqamətində addımlar atmağa çağırırıq. Ermənistan son
günlər təmas xəttində, eləcə də Azərbaycan-Ermənistan sərhədində
vəziyyətin gərginləşdirilməsi istiqamətində sistematik addımlar
atır. Azərbaycan torpaqlarının işğalı, bu ərazilərdə törədilən
çoxsaylı qanun pozuntuları və cəbhə bölgəsində yaranmış gərginliyin
bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”, -
bəyanatda deyilir.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının
(KTMT) Birləşmiş Qərargah rəisi Anatoli Sidorov
Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmaya münasibət
bildirib.
Ordumuz sərhəddə erməniləri darmadağın etdi, “Putin NATO-su” İrəvana ARXA ÇEVİRDİ
Qarşıdan gələn aylarda Dağlıq Qarabağ münaqişəsinin
həlli üçün imkanlar açılır. Bunu ABŞ Prezidenti
Donald Tramp müstəqillik günü münasibətilə Ermənistanın Baş naziri
Nikol Paşinyana göndərdiyi məktubda bildirib.
“ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi ABŞ münaqişənin
uzunmüddətə dinc yolla həlli üçün sizinlə işləməyə hazırdır”, -
deyə D.Tramp vurğulayıb.
ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə
sadiqdir və tərəfləri tezliklə intensiv danışıqları bərpa etməyə
çağırır. Bunu ABŞ Dövlət katibi Maykl Pompeo
bildirib.
O, Ermənistanın müstəqillik günü ilə bağlı müraciətində bu
ölkədə baş verən son dəyişikliklərə də toxunub:
“Demokratik institutların möhkəmlənməsi, korrusiyaya qarşı
mübarizə və iqtisadiyyatın artımının tənzimlənməsində Ermənistan
xalqı və hökuməti ilə birgə fəaliyyət göstərəcəyimizi səbirsizlikə
gözləyirik”.
Ermənistan
Ermənistanın müdafiə naziri David Tonoyan düşmən
hərbi birləşmələrinin törətdiyi təxribatdan sonra sərhəddəki
vəziyyətdən danışıb. Erməni nazir jurnalistlərə
açıqlamasında hazırda sərhəddə nisbətən sakitlik olduğunu
deyib.
Qeyd edək ki, bu, erməni nazirin erməni hərbi birləşmələrinin
sərhəddə son təxribat hücumundan sonra ilk bəyanatıdır. Bir neçə
gün öncə erməni hərbi birləşmələri sərhəddə təxribat hücumuna cəhd
edib. Azərbaycan Ordusunun cavab atəşi nəticəsində düşmənə ağır
zərbə endirilib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün
öncə Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə
erməni hərbi birləşmələrinin sərhəddəki təxribat hücumuna
toxunmuşdu.
Azərbaycan Ordusunun ağır zərbəsindən sonra erməni nazir HƏR ŞEYİ AÇIQLADI: Cəbhədə...
Ermənistan Baş naziri Nikol Paşinyan noyabr-dekabr
aylarında növbədənkənar parlament seçkisi keçirmək
istəyir. Bu barədə məlumatı “Jamanak” qəzeti
yayıb.
“Paşinyan baş düşür ki, növbədənkənar seçkini yaza qədər təxirə
salsa, o zaman onun reytinqi əhəmiyyətli dərəcədə aşağı düşəcək.
Paşinyan anlayır ki, Konstitusiya dəyişikliklərini həyata keçirə
bilməyəcək. Ona görə ki, parlament bu dəyişikliklərə səs
verməyəcək. Yeni parlamentin formalaşması üçün yeganə imkan onun
istefasıdır. Parlamentdəki əksəriyyəti təşkil edən Respublikaçılar
Partiyasının baş nazir vəzifəsinə namizəd irəli sürə bilməməsi üçün
Paşinyan yeni mitinqlər təşkil edib, parlament binasını mühasirəyə
almaq niyyətindədir. Bununla o, iki həftə ərzində parlamenti
növbədənkənar seçki keçirməsi üçün iclas çağırmağa məcbur etmək
istəyir”, – deyə məqalədə bildirilib.
Türkiyə, İran, Yaxın Şərq
Türkiyənin “Haber7” saytının yazarı və “Kanal 7”nin
Ankara üzrə nümayəndəsi Mehmet Acet Rusiya və Türkiyə prezidentləri
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Soçi görüşündən əvvəl
Moskvanın Ankaraya etdiyi bir təklif barədə yazıb.
Mənbəyə istinad edən yazarın sözlərinə görə, Rusiya Türkiyəyə
“Türkiyə sərhədi boyu 1000 kvadrat kilometrlik ərazini sizin
nəzarətinizə verək, qalanına qarışmayın” şəklində təklif edib.
Mehmet Acet qeyd edib ki, təklif Türkiyə tərəfindən rədd
edilib.
Bu ərazilər Türkiyəyə veriləcək, əvəzində... - Ərdoğanın rədd etdiyi TƏKLİFİN ŞOK DETALLARI
Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşündə
İdlib razılığı regiondakı mənzərəni dəyişdi. Bütün dünyanın
müharibə gözlədiyi şəhərdə sülh əldə olundu, Əsəd və müxaliflər
arasında təhlükəsizlik zonası yaradıldı. Maraqlıdır
ki, İdlibə hücuma hazırlaşan Əsəd niyə razılaşmaya boyun əydi? O da
maraqlıdır ki, İran İdlib razılaşmasında yer almadı.
Türkiyəli yazar Mehmet Acet İdlib razılaşmasının pərdəarxasında
baş verənləri ortaya çıxarıb.
Putin, Ruhani və Əsəd Ərdoğanın qarşısında niyə GERİ ÇƏKİLDİ? - Soçi razılaşmasının PƏRDƏARXASI
“Rusiya və Türkiyənin hərbi rəsmiləri dünən İdlibdə
silahsız bölgənin sərhədləri ilə bağlı son razılığa
gəliblər”. Bu barədə Rusiya xarici işlər naziri
Sergey Lavrov deyib.
Lavrov qeyd edib ki, Soçidə əldə olunan razılaşma aktiv şəkildə
həyata keçirilir.
“Rusiya və Türkiyənin İdlib razılaşması “ara addım”dır. Silahsız
bölgənin yaradılması Suriya ordusuna və Xmeymim bazasına hücumların
qarşısını alacaq”, - deyə o bildirib.
Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi rəsmi
informasiyaya görə, Suriyanın Hava Müdafiə Qüvvələri tərəfindən
səhvən vurulub, amma təyyarənin Rusiya hərbçiləri tərəfindən
vurulması istisna edilmir. Bu sözləri Ukraynanın
“Apostrof” nəşrinə açıqlamasında “Razumkov Mərkəzi”nin xarici
siyasət və beynəlxalq təhlükəsizlik proqramları üzrə direktoru,
müdafiə nazirinin keçmiş köməkçisi Aleksey Melnik bildirib.
Vurulan rus təyyarəsi barədə SENSASİYALI İDDİA: Əsəd və İsrail...
Aralıq dənizi üzərində hərbi təyyarəsi vurulan
Rusiyadan əks həmlə gəldi. Türkiyənin “Haber7”
saytına istinadən xəbər verir ki, Cənubi Kipr mediasının yazdığına
görə, Rusiya Suriyanın Şərqi Aralıq dənizi sahillərini hava və
dəniz marşrutu üçün bağlayıb.
Cənubi Kipr mediasının xəbərlərini İsrailin “Haaretz” qəzeti
ölkəsindən olan səlahiyyətlilərə istinadən təsdiqləyib. Rusiyanın
qəbul etdiyi qərar əsasən, bölgədə gələn həftədən etibarən heç bir
təyyarə və gəmi hərəkət etməyəcək.
Qeyd edək ki, sentyabrın 17-dən 18-nə kecən gecə Aralıq dənizi
üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Hmeymim təyyarə
bazasına qayıdan zaman radarlardan itib.
Rusiya Aralıq dənizi üzərində vurulan "İl-20" tipli
hərbi təyyarəsi ilə bağlı İsrailin təqdim etdiyi dəlilləri qəbul
etməyib. “Hizbullah”a yaxınlığı ilə tanınan “Al
Mayadeen” telekanalının verdiyi məlumata görə, Təl-Əvivin təqdim
etdiyi məlumatlar Rusiyaya inandırıcı gəlməyib.
Xəbərə görə, İsrail Hərbi Hava Qüvvələri komandanı general-mayor
Amikam Norkinin rəhbərliyindəki nümayəndə heyəti Rusiya prezidenti
Vladimir Putinlə görüşmək istəyib. Lakin Putin İsraildən gələn
heyətlə görüşmək istəməyib və onları geri göndərib.
Putindən yəhudi generala TƏRS ŞİLLƏ - İsrail bunu gözləmirdi - FOTO
İran Yaxın Şərqdəki bütün konfliktlərə görə
məsuliyyət daşıyır. Bunu BMT Təhlükəsizlik Şurasında
çıxışı zamanı ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki
Heyli deyib.
“Əgər Yaxın Şərqdə qeyri-stabillik mənbəyi olan bir ölkə varsa,
bu, İsrail yox, İrandır. İran İraqda nəzarət etdiyi qruplardan
amerikalılara qarşı hücum üçün istifadə edir. İki həftə əvvəl
İranın dəstəklədiyi qruplar ABŞ-ın Bağdaddakı Səfirliyinə və
Bəsrədəki Konsulluğun raketlərlə hücum ediblər. Biz bununla
barışmayacağıq. İran bu hücumları dayandıra bilər, amma bunu etməyi
özünə vacib bilmədi”, – deyə o bildirib.
Tehran BMT-nin Baş Assambleyası çərçivəsində
prezident Həsən Ruhaninin ABŞ prezidenti Donald Trampla görüşü üçün
sorğu göndərməyib. Bu haqda İranın Xarici İşlər
Nazirliyinin rəsmisi Bəhram Qasımi bildirilib.
“Yenidən vurğulayıram ki, İran tərəfi heç vaxt Trampla görüş
üçün sorğu göndərməyib”, - o deyib.
Xatırladaq ki, İran tərəfinin sözügedən sorğusu ilə bağlı ABŞ-ın
BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.
Donald Tramp 2018-ci il mayın 8-də Vaşinqtonun İranla nüvə
proqramı üzrə razılaşmadan çıxdığını elan edib. Prezident həmçinin,
İrana qarşı bütün sanksiyaların bərpa olunacağını bildirib.
İsrail özünün məhvi üçün istifadə ediləcək silahın
Hizbullahın əlinə keçməsinə mane ola bilməyib. Bunu
Hizbullah lideri Həsən Nəsrullah deyib. Onun sözlərinə görə, artıq
Livan və İsrail qüvvələrinin balansı dəyişib:
“Hizbullahın yüksək dəqiqliyə malik silah ələ keçirməsinə qarşı,
İsrailin bütün cəhdləri boşa sərf edilib. Əgər hərbi fəaliyyətlər
başlasa, İsrail artıq onu nəyin gözlədiyini təsəvvür belə edə
bilməz”.
ABŞ Aralıq dənizində əməliyyata başladığını
açıqlayıb. Əməliyyat USS Harry Truman təyyarə gəmisi
və onu müşahidə edən hücum gəmiləri ilə aparılır.
Əməliyyatın “NATO müttəfiqlərinə, Avropa və Afrikadakı tərəfdaş
ölkələrinə, koalisiya tərəfdaşlarına dəstək və ABŞ-ın Avropa və
Afrikada milli təhlükəsizlik maraqlarını qorumaq üçün” başlandığı
elan edilib.
6-cı donanmanın komandanı Lisa Françetti USS Harry Truman
gəmisinin Aralıq dənizində lövbər atdığı müddətdə bütün
əməliyyatların qərargahı rolunu oynayacağını açıqlayıb.
İranın Ahvaz şəhərində keçirilən hərbi parad zamanı
terror aktı baş verib. Tədbir zamanı çoxlu sayda şəxs
hücum edərək atəş açmağa başlayıb. Terror aktı nəticəsində ən az 24
nəfər ölüb, 53 nəfər yaralanıb.
İnqilabçı mühafizəçilərin sözçüsü Ramazan Şərif hücum edən
şəxslərin Səudiyyə Ərəbistanının müdafiə etdiyi "Əl-Ahvaziya"
təşkilatına bağlı olduqlarını deyib. İranın xarici işlər naziri
Məhəmməd Cavad Zərif hücum edənlərin xarici ölkədə
təlimatlandırıldığını, silahlandırıldığını və dəstəkləndiyini
bildirib.
Ahvaz şəhərində törədilən terror aktını İranın terrorçu təşkilat
elan etdiyi “Əl Ahvaziya” üstünə götürüb.
Rusiya, ABŞ, Rusiya-Qərb münasibətləri
Çin və ABŞ arasında ticarət müharibələri yaxın
vaxtlarda başa çatmayacaq, 20 il davam edə bilər. Bu
fikirlə “Alibaba Qrup Holdinq”in banisi Cek Ma çıxış edib.
“Çin-Amerika münasibətlərinin inkişafı prosesində texnologiya
inqilabı dövründə ticarət qarşıdurmaları qaçılmaz olur. Onlar
tezliklə iki ay, hətta iki il sonra qurtarmayacaq. Dünya Çin və ABŞ
arasında 20 illik ticarət müharibəsinə hazır olmalıdır”, - şirkətin
Durektorlar Şurasının sədri bildirib.
Cek Manın sözlərinə görə, bu münaqişədən ən çox kiçik və orta
biznes zərər çəkəcək. Korporasiyanın banisi həmçinin
proqnozlaşdırır ki, yaxın 10-15 ildə iqtisadiyyatın ənənəvi
sahələri üçün son dərəcə ağrılı olacaq.
Yaxın Şərqdə hərbi kampaniya ABŞ üçün ən böyük səhv
oldu. Bu haqda ABŞ prezidenti Donald Tramp “Hill.TV”
telekanalına müsahibəsində bildirdi.
“Ölkəmizin tarixində ən böyük səhv Yaxın Şərqə qoşunların daxil
edilməsidir. Buna prezident Corc Buş təşəbbüs etdi”, - Tramp
deyib.
Onun sözlərinə görə, keçmiş prezident Barak Obama da əsgərləri
buradan çıxararaq səhv etdi. Tramp Yaxın Şərq hərbi kampaniyasında
çoxsaylı qurbanları xatırladıb və həmçinin əlavə edib ki, ABŞ
əməliyyatlara 7 trilyon dollar xərcləyib.
“Vətəndaş müharibəsini anlamaq olar. Bu, başqadır.
Qoşunlarımızın Yaxın Şərqə daxil edilməsi, ölkə üçün ən pis qərar
idi”, - ABŞ prezidenti bildirib.
Pentaqonun qiymətləndirməsinə görə, 2001-2018-ci illərdə İraq,
Əfqanıstan və Suriyada döyüş hərəkətlərinə ayrılan xərclər 1,52
trilyon dollar təşkil edib.
Braun Universitetinin məlumatına görə, 2017-ci ilin sentyabrına
kimi ABŞ iki müharibəyə, həmçinin Pakistan və Suriyada hərbi
hərəkətlərə 5,6 trilyon dollar xərcləyib. Bundan başqa, bu məbləğə
milli təhlükəsizliyə və veteranların sağlamlığının qorunmasına
xərclər də daxildir.
ABŞ Çini özü üçün ən böyük təhlükə hesab edir,
nəinki Rusiyanı. Bunu ABŞ-ın dövlət katibi Mayk
Pompeo “Fox News” telekanalına müsahibəsində bildirib.
“Rusiya özünü təcavüzkar aparır. Rusiya bizim seçkilərimizə
müdaxilə etməyə çalışır. Rusiya Vladimir Putinin rəhbərliyi altında
davakar olaraq qalır. Biz qarşılıq verməli və onları saxlamalıyıq.
Amma amerikalıların həyat tərzinə uzunmüddətli perspektivdə
təhlükələrə baxsaq, Çin ABŞ üçün ən böyük təhlükədir və Amerikanın
iqtisadi artımının davamı üçün risklər yaradır”, - dövlət katibi
əlavə edib.
Daha əvvəl “Fox News” bildirib ki, ABŞ-ın Müdafiə Nazirliyi
(Pentaqon) kibertəhlükəsizlik üzrə özünün yeni strategiyasında əsas
təhdidlər siyahısına Rusiya və Çini daxil edib.
Dövlət Departamenti sentyabrın 20-də dünən
Rusiyanın 27 vətəndaşını və 6 şirkətini qara siyahısına daxil
edib. Ağ Ev nümayəndələri sözügedən sanksiyaların
tətbiqi ilə bağlı səlahiyyətlərin ABŞ Dövlət Katibliyinə
verildiyini bildiriblər.
ABŞ-ın Rusiyadan “S-400” zenit-raket komplekslərini
alan Çinə sanksiyalar tətbiq etməsi Moskva və Pekin tərəfindən sərt
qarşılandı. Çin bəyanata “Nəticələrə hazır ol!”
şəklində xəbərdarlıqla cavab verib.
“Ya bu qərardan imtina edin, ya da nəticələrinə hazır ol!”, -
Çinin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Moskvadan verilən bəyanatda isə ABŞ-ın atəşlə oynaması
“axmaqlıq” adlandırılıb.
Xatırladaq ki, ABŞ Çin Mərkəzi Hərbi Şurasının Qoşunların Təlim
və Təchizat Departamentinə qarşı sanksiyalar tətbiq edib. Qadağalar
onun rəhbəri Li Şanfuya da şamil olunub.
"Atəşlə oynama!" - Üç supergüc QARŞI-QARŞIYA GƏLDİ
ABŞ Rusiyanı iki ölkə arasında imzalanan beynəlxalq
müqavilələrin şərtlərinə düzgün əməl etməməkdə günahlandıraraq
təhdid edib. Bu barədə ABŞ Müdafiə Nazirliyinin
(Pentaqon) müşavir köməkçisi Devid Traktenberq danışıb.
ABŞ-dan Rusiyaya öncə İTTİHAM, sonra TƏHDİD: "Haqq-hesab sorulacaq"
Ukrayna
Ukrayna Rusiyanın təsirinə qayıdışın heç bir
perspektivi olmadan Avropanın ayrılmaz və mübahisəsiz hissəsi
olmalıdır. Bunu Ukrayna prezidenti Pyotr Poroşenko
Ali Radada çıxışı zamanı deyib.
“Biz döyüş bacarığı olan ordunu qurduq. Biz Ukrayna kilsəsinə
dünya pravoslavlığında layiqli yeri qaytarırıq. Ordu bizim
torpağımızı müdafiə edir. Dil bizim ürəyimizi müdafiə edir. Kilsə
bizim ruhumuzu müdafiə edir”, - o bildirib.
Poroşenko vurğulayıb ki, Ukraynanın strategiyası düzgündür: “Mən
dəqiq bilirəm ki, biz strategiya məsələlərində səhv etmədik. Güclü
və müvəffəqiyyətli Ukraynanı Rusiyanın təsirinə qayıdışın heç bir
perspektivi olmadan Avropanın ayrılmaz və mübahisəsiz hissəsi etmək
bizim hədəfimiz, ambisiyamız və missiyamızdır. Biz ölkəni Kremlin
“Barbarosa” planından qoruduq, “Rus baharı” planı boğuldu”.
Kiyevdə Azov dənizi üzrə məxfi plan
var. Bu haqda Ukraynanın Xarici İşlər Nazirliyinin
başçısı Pavel Klimkin brifinqdə danışıb.
Nazir konkret ölçüləri açıqlamaqdan imtina edib, amma vurğulayıb
ki, onlar artıq uyğunlaşdırılıb.
“Biz müqavilələr barəsində müxtəlif seçimlərə baxırıq. Əlbəttə,
bizim hamınıza aydındır ki, Azov daxili dəniz deyil. Hazırda Qara
dəniz və Azov dənizində Ukraynanın hüquqların pozulması, həmçinin
Kerç boğazında Krım körpüsünün qeyri-leqal tikintisi haqqında
beynəlxalq arbitraj həyata keçirilir”, - Klimkin deyib.
Ukraynanın xarici siyasət idarəsinin başçısının sözlərinə görə,
hakimiyyət bütün “dostlar və partnyorlar”la bütün mümkün seçimləri
müzakirə edib.
Qeyd edək ki, Kiyev Moskvanı Kerç boğazından keçərək Ukrayna
limanlarına üzən gəmilərin hərəkətinə maneə olmaqda ittiham edir.
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Krım Sərhəd Xidməti isə
yoxlamaların beynəlxalq dəniz hüququna uyğun keçirildiyini
bildirir.
Koreya böhranı
Koreya Respublikasının prezidenti Mun Cje İn Şimali
Koreya lideri Kim Çen Inla görüşdən sonra ABŞ prezidenti Donald
Trampa birgə təklif aparacağını bildirib. Mun Cje İn
Kim Çen Inın 1953-cü ildən bəri davam edən atəşkəs rejiminin
bitməsi və 2018-ci ilin sonuna kimi sülh müqaviləsinin imzalanması
təklifini Trampa çatdıracaq.
“Söhbət müharibənin bu ilin sonuna kimi sonlandırılması barədə
bəyannamənin imzalanmasından gedir. Mən bunu prezident Trampla
müzakirə edəcəyəm” - Koreya Respublikası prezidenti bildirib.
Şimali Koreya Cənubi Koreya ilə birləşənə qədər nüvə
silahından imtina etməyəcək. Bunu “RİA Novosti”
agentliyinə açıqlamasında yaponiyalı ekspert Takusyoku Xidesi
Takesada deyib. Onun sözlərinə görə, Şimali Koreya ABŞ-ın iki
ölkənin birləşdirilməsi üçün güc tətbiq edəcəyindən qorxur:
“Bu birləşmədə Pxenyanın maraqları nəzərə alınmayacaq. Məhz buna
görə də Pxenyan nüvə silahından imtina etmir. Nüvə silahı onlara
Koreyanı öz rəhbərlikləri altında birləşdirmək üçün gərəklidir. Ona
görə də Şimali Koreya bütöv Koreya bərpa olunana qədər nüvə
silahından imtina etməyəcək”.